“Financial Times” Avropanın bu gizlini haqqında nə yazır?
İngiltərənin “Financial Times” nəşri yazır ki, Avropada artıq neçə illərdir ki, fəaliyyəti haqqında demək olar ki, heç nə məlum olmayan Beynəlxalq Bank Araşdırmaları İnstitutu fəaliyyət göstərir. Bu məxfi kububun üzvlərindən birinin dediyinə görə, o, Davosa əsla bənzəmir və ora düşmək çox çətindir.
Ötən il oktyabrın sonlarında Avropanın 40-dan çox nüfuzlu bankiri üç gün ərzində sənayelərinin vəziyyətini müzakirə etmək üçün Sürix şəhərinə baxan dəbdəbəli “Dolder Grand“ Hotelə toplaşmışdılar. İştirakçılara İsveçrənin maliyyə naziri Karin Keller-Sutter və Mərkəzi Bankın sədri Tomas Jordana suallar vermək imkanı yaradılmışdı. Toplantı, bu cütlüyün “Credit Suisse“in rəqibi “UBS“ tərəfindən xilas edilməsində əsas rol oynamasından 6 ay sonra keçirilirdi. Təfərrüatları açıqlanmayan danışıqları, klubun üzvlərinin çox dar çərçivəsinə məlum olan son dərəcə nüfuzlu bir qurum təşkil etmişdi.
Beynəlxalq Bank Araşdırmaları İnstitutu (“Institut International d'Etudes Bancaires“IIEB) Avropa maliyyəsində ən eksklüziv və məxfi şəbəkə klubudur və bank rəhbərləri burada prezidentlərdən və baş nazirlərdən tutmuş, kral ailələri və mərkəzi bank rəhbərlərinə qədər, müxtəlif nüfuzlu şəxslərlə ünsiyyətdə olurlar.
Çoxdan bu klubun üzvü olanlardan biri “Financial Times”a bunu danışıb: "Bu, hər kəsin giriş bileti ala biləcəyi Davos deyil. Bu, həqiqətən eksklüzivdir".
“IIEB“ bütün Avropada geosiyasi gərginliklər və maliyyə sabitliyi problemləri dövründə banklar arasında əlaqələri gücləndirmək məqsədilə yaradılsa da, onun gizli, dəbdəbəli görüşləri transparentliyin (açkarlığın -red) müasir tələblərinə qətiyyən cavab vermir. İsveçin “Handelsbanken“ bankına rəhbərlik edən Per Boman “Financial Times“-a deyib: "Biz təşkilatın Avropa banklarını bir-birinə daha da yaxınlaşdırmaq məqsədinə xidmət etdiyi onilliklər ərzində ora üzv olmuşuq. Amma maliyyə böhranından sonra biz hiss etdik ki, onun israfçılığı və təşkilatda şəffaflığın olmaması bizim dəyərlərimizə uyğun gəlmir”.
“IIEB“ 73 ildir ki, Avropanın ən böyük banklarının rəhbərlərini ildə iki dəfə birləşmələr, satın almalar və qlobal siyasətin qurulması kimi həssas məsələləri müzakirə etmək üçün qitənin müxtəlif yerlərində yerləşən lüks otellərdə və kral saraylarında bir araya gətirir. İnstitutun internet saytı yoxdur, onun tərkibi, gündəliyi və iclas protokolları heç vaxt ictimaiyyətə açıqlanmır. “İştirakçılara müzakirələrin təfərrüatlarını bölüşmək məsləhət görülmür“, -deyə anonimlik şərti ilə bir neçə nəfər “Financial Times“-a bildirib.
Avropanın ən nüfuzlu maliyyəçiləri arasında fikir mübadiləsi üçün forum olmaqla yanaşı, “IIEB“ elit sosial klubdur, bankirlər üç gün ərzində burada təşkil edilən rəsmi şam yeməyindən, tarixi yerlərə şəxsi turlardan və yüksək səviyyəli mağazalarda alış-verişlərdən həzz alırlar.
Son illərdə gəlirlilik baxımından ABŞ-ın rəqiblərindən xeyli geri qalan avropalı kreditorlar kifayət qədər zəif göstəricilərini heç cür yaxşılaşdıra bilmirlər və qitə çoxdan gözlənilən sərhədlərarası sövdələşmə dalğasına hazırlaşır. İkinci Dünya müharibəsi bitəndən sonra yaranan “IIEB“ o andan bu yana ən vacib dövrlərindən birinə qədəm qoyur.
Beynəlxalq Bank Araşdırmaları İnstitutu 1950-ci ildə Parisdə dörd Avropa bankının - “Crédit Industriel et Commercial“, “Union Bank of Switzerland“, “Société Générale de Belgique“ və “Amsterdamsche Bank“-ın rəhbərləri tərəfindən bank, həmçinin iqtisadiyyat və pul sistemi sahəsində müxtəlif hadisələrlə bağlı ən yüksək səviyyədə müntəzəm məsləhətləşmələr aparmaq məqsədi ilə yaradılmışdır. Bu, son vaxtlara qədər bir-biri ilə müharibə şəraitində olan ölkələrin təşkilatları arasında əlaqələri gücləndirmək üçün yaradılmış çoxsaylı transsərhəd institutların formalaşdırılması səylərinin bir hissəsi idi.
“IIEB“-nin ilkin məqsədi hökumətlərin maliyyə sisteminə getdikcə daha çox müdaxilə etdiyi bir vaxtda beynəlxalq kapital axınını yaxşılaşdırmaq və valyuta nəzarəti tədbirləri ilə mübarizə aparmaq idi.
Avropanın 30 bankının rəhbəri bu təşkilatın 1951-ci ilin aprelində Parisdə keçirilən ilk iclasına toplaşmışdı. İngilis bankları orada deyildi, çünki İngiltərə Bankı əvvəlcə onlara bu quruma daxil olmağı qadağan etmişdi.
Təşkilatın ilkin arxivlərini tədqiq edən İlaria Pazotti söyləyir ki, təşkilatda müzakirə olunan mövzular XX əsrin ikinci yarısı boyunca Avropa bankirlərinin narahatlığını əks etdirir.
1950-ci illərdə keçmiş müstəmləkələrdə törəmə şirkətlərin yaradılması haqqında çox danışılsa da, 1960-cı illərdə əsas diqqət dolların beynəlxalq roluna, “Bretton Woods“ sabit valyuta məzənnələri sistemi ilə bağlı problemlərə və ABŞ-ın Avropa banklarını ələ keçirməsi təhlükəsinə qarşı yönəlmişdi.
Əsrin sonunda “IIEB“-in panel iclaslarının iştirakçıları daha çox avronun təsiri, böyüyən törəmə bazarı və böyük banklar arasında birləşmə və satınalmalarla maraqlanırdılar.
"Arxivlərdə görüşlərdən yalnız az sayda fotoşəkillər qorunub saxlanılıb - əsasən yeməklər, kokteyllər və muzeylərə və saraylara səfərləri əks etdirən şəkillər var. Bu, görüşlərin məxfiliyini göstərən bir əlamətdir”. İtaliyanın “Intesa Sanpaolo“ bankının arxivində institutun ilk tədbirlərindən cəmi 18 fotoşəkil var.
Klubun məxfiliyə sadiqliyi bəzi üzvlərdə kənar şəxslər tərəfindən onun kartel kimi qəbul edilməsilə bağlı həssas hisslər yaradır. Onlar israr edirlər ki, banklar hələ də kommersiya rəqibləridir.
2006-cı ilin oktyabrında Afinada keçirilən “IIEB“-nin iclasından dərc edilmiş çıxışlardan birində Avropa Mərkəzi Bankının vitse-prezidenti Lukas Papademos Adam Smitin “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında araşdırma” kitabından sövdələşmə ilə bağlı xəbərdarlığı sitat gətirilir: “Eyni peşə sahibləri hətta şənlənmək və əylənmək üçün belə nadir hallarda bir araya gəlirlər, lakin görüşdükləri zaman söhbət cəmiyyətə qarşı sui-qəsd və ya qiymətləri qaldırmaq üçün hansısa hiylə ilə bitir”.
Papademos belə davam edir: "Əgər o, Avropanın hər yerindən gələn aparıcı bankirlərin bu görüşünü görə bilsəydi, potensial "qiymət hiyləsi" ilə bağlı mərkəzi bank üçün həyəcan təbili çalacaq bir fikir söyləyərdimi? Mən buna çox şübhə edirəm."
”Financial Times” İsveçrənin maliyyə nazirliyi və milli bankı ilə əlaqə saxladıqdan sonra, onlar Keller-Sutter və Jordanın Sürixdə keçirilən oktyabr görüşündə iştirakını təsdiqləyiblər. Onlar həmçinin həmin şəxslərin hansı məsələləri müzakirə etdikləri barədə də ətraflı məlumat veriblər. Keller-Sutter öz çıxışında ”Credit Suisse”-in iflasında onun rəhbərliyini günahlandırıb, Jordan isə maliyyə sabitliyi məsələsini şərh edərkən bankın dağılmasından danışıb.
Müzakirə olunan mövzuların əhəmiyyətinə baxmayaraq, 2010-cu ilin mayında keçirilmiş bir görüş istisna olmaqla, 70 ildən artıqdır ki, “IIEB”nin heç bir görüşü və toplantısı mediada faktiki olaraq işıqlandırılmır.
Həmin vaxt “Handelsbanken“in baş icraçı direktoru olan Boman, bankının təşkil etdiyi növbəti üç günlük toplantı zamanı “IIEB“-dən istefa verib. O, təşkilatın qeyri-şəffaflığına və avrozonanın borc böhranı şəraitində belə bir görüşün keçirilməsinin yüksək xərclərinə etiraz əlaməti olaraq bu addımı atdığını bildirib.
“IIEB“-nin iclaslarında təşkilatçı banklar adətən qonaqların yerləşdirilməsi və əylənməsi üçün bütün xərcləri ödəyir, iştirakçıların səyahət xərclərini isə onların işəgötürənləri qarşılayır. Stokholmda keçirilən tədbirə isə 40-dan çox bank rəhbəri və onların tərəfdaşları üçün beşulduzlu “Grand Hôtel”də yerləşmə, şəhərin opera teatrında şam yeməyi və onların xanımları üçün eksklüziv alış-veriş səfəri daxil olub.
Boman “Financial Times“-a deyib: "Biz Stokholmda bank məsələlərini müzakirə etmək üçün görüşə qarşı deyildik. Amma görüşün gizli şəraitdə keçirilməsi, ərli-arvadlı iştirak proqramı çox dəbdəbəli idi və biz hiss edirdik ki, bu, “Handelsbanken”nin ənənələrinə zidddir”.
“IIEB”nin iclaslarında daim yüksək səviyyəli qonaqlar iştirak edirlər. 2000 və 2009-cu illərdə klubun üzvləri şahzadə Endryu tərəfindən əvvəlcə Müqəddəs Ceyms sarayında, sonra isə Bukingem sarayında qəbul ediliblər.
“IIEB“-nin 2013-cü ildə Sankt-Peterburqda keçirilən ilk iclasında Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev iştirakçılara müraciət edib. İstanbulda keçirilən klub toplantısında isə qonaqları Türkiyənin hazırkı prezidenti, o zaman baş nazir vəzifəsini icra edən Rəcəb Tayyib Ərdoğan salamlayıb.
İnstitutun 2015-ci il tədbirindən nadir ictimai fotolardan birində İtaliya prezidenti Sercio Mattarellanın Romanın dəbdəbəli Quirinal Sarayında “UBS”dən olan Sercio Ermotti və “Lloyds Banking Group”un keçmiş baş icraçı direktoru Antonio Orta-Osorio daxil olmaqla, bank rəhbərləri qarşısında danışdığını görmək olar.
İştirakçıların dediyinə görə, banklar arasında sövdələşmələr rəsmi iclasların kuluarlarında danışıqlar mövzusu olmasına baxmayaraq, söhbətlərin əksər hissəsi hipotetik xarakter daşıyır. Lakin Avropa tarixindəki ən böyük bank birləşmə və satınalma sövdələşmələrindən biri “IIEB“-nin 1997-ci ildə Brüsselin “Hilton“ hotelində keçirilən toplantısında baş verib. Orada “Swiss Bank Corporation”ın icraçı direktoru Marsel Ospel və onun “Union Bank of Switzerland”dakı həmkarı Matis Kabiyallavetta İsveçrənin ikinci və üçüncü ən böyük banklarının 29,3 milyard dollar dəyərində bütün səhmlərini birləşdirməyə razılaşıblar və nəticədə “UBS“ yaranıb.
O vaxtdan bəri İsveçrədə həmişə “UBS“, “Credit Suisse“ və “Lombard Odier“ şirkətlərinin rəhbərləri üçün üç “IIEB“ yeri saxlanılır. Keçən il “Credit Suisse“-in çökməsi onun kreslosunu boş qoyub. Bu vəzifəni bankın baş icraçı direktoru Culius Baer tutacaq və bu, institutun may ayında Dublində keçiriləcək növbəti iclasında baş verəcək.
Hazırladı:
İlqar ÇAYRUDLU
XQ