Makron Ukraynaya səfərini niyə təxirə saldı?

post-img

"Challenges" Yelisey Sarayının bəyanatına istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun Ukraynaya səfəri təhlükəsizlik səbəbi ilə təxirə salınıb. E.Makronun Kiyevə fevralın 13-14-də gələcəyi güman edilirdi. Səfər üçün yeni tarix hələ təyin olunmayıb.

Yelisey Sarayından verilən açıqlamada səfər üçün seçilmiş tarixin qəti olmadığı vurğulanıb. Onlar Fransa prezidentinin təhlükəsizliyinin təmin edilməsinə daha çox vaxt ayırmaq üçün onu dəyişdirmək qərarına gəliblər. Bundan əlavə, "Challenges"in yazdığına görə, Emmanuel Makron avropalı tərəfdaşlarla Kiyev və Odessaya səfəri zamanı elan edə biləcəyi Ukraynaya əlavə yardımı müzakirə etmək istəyib.

E.Makronun Ukraynaya səfəri üçün yeni tarix hələ müəyyən edilməyib. “Challenges”ə görə, mümkün tarixlərdən biri fevralın 24-ü, Rusiya qoşunlarının Ukraynaya daxil olmasının ikinci ildönümü ola bilər. Lakin həmin gün Parisdə fransalı fermerlərin etirazları fonunda xüsusi əhəmiyyət kəsb edən illik beynəlxalq kənd təsərrüfatı salonu başlayır.

Bir gün əvvəl, fevralın 10-da Emmanuel Makron və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub. Cənab Zelenskinin dediyinə görə, onlar döyüş bölgəsindəki vəziyyəti və Ukraynanın müdafiə ehtiyaclarını müzakirə ediblər.

Emmanuel Makron sonuncu dəfə 2022-ci il iyunun 16-da Ukraynaya səfər edib. Kiyevdə o, həmçinin Almaniya kansleri Olaf Şolts və onunla birlikdə gələn İtaliyanın sabiq baş naziri Mario Draqi Vladimir Zelenski ilə görüşüb. Yekun mətbuat konfransında E.Makron altı "Sezar" artilleriya sisteminin Ukraynaya təhvil verildiyini açıqlamışdı.

S.ELAY

XQ

Dünya