İraq parlamenti ABŞ qüvvələrinin ölkədən çıxarılmasını müzakirə edəcək

post-img

İraq parlamenti ABŞ-ın İraq ərazisinə endirdiyi zərbələri və onların nəticələrini müzakirə etmək üçün təcili iclas keçirəcək.

"İnterfaks" xəbər verir ki, bu barədə şənbə günü EFE agentliyi məlumat yayıb.

Görüş yaxın günlərdə keçiriləcək və “ABŞ-ın ölkədə təkrar hücumları ilə bağlı mövqe hazırlamağa” imkan verəcək.

Deputatlar, həmçinin “Beynəlxalq koalisiya qüvvələri tərəfindən İraqın suverenliyinin pozulmasına son qoymağın zəruriliyinə” toxunacaqlar. Söhbət İŞİD terror qruplaşması ilə mübarizədə ABŞ-ın rəhbərlik etdiyi koalisiyadan gedir. Koalisiya qüvvələrinin bir hissəsi İraq ərazisində yerləşir. İraq hökuməti bu yaxınlarda Vaşinqtonla xarici hərbçilərin ölkədən çıxarılmasını koordinasiya etmək niyyətində olduğunu bəyan edib.

Parlamentin bəyanatında vurğulanır ki, hazırda xarici hərbi mövcudluğu davam etdirməyə ehtiyac yoxdur və ABŞ qüvvələrinin və müttəfiqlərinin yerləşdirilməsi faktının özü İraqın suverenliyinə təhdidə çevrilib.

İraq prezidenti Əbdül Lətif Rəşid öz növbəsində kommünikedə “Amerikanın son təcavüzünü və onun nəticələrini müzakirə etmək üçün ölkənin baş naziri, parlamentin spikeri və bütün aparıcı siyasi qüvvələrin liderləri ilə təcili toplantı keçirməyin vacibliyini bildirib. 

S.ELAY

XQ

Dünya