Ermənistanın xarici və müdafiə siyasətinin NATO-ya doğru dəyişməsi alyansı çox ruhlandırır. Bunu Ermənistan mətbuatına müsahibəsində təşkilatın baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina deyib.
Qurum rəsmisi qeyd edib ki, alyans Ermənistanla daha çox yaxınlaşmaq istəyir: “Son illər bu ölkə NATO ilə əməkdaşlığı siyasi və praktiki olaraq intensivləşdirməyə qərar verib. Şübhəsiz ki, tərəfdaşlarımızı bizə yaxınlaşmağa təşviq edirik və Ermənistan da bunu edir. Bu işdə Ermənistana kömək edəcəyik”.
O xatırladıb ki, Ermənistan Kosovodakı NATO sülhməramlı qüvvələrinin tərkibindəki hərbçilərinin sayını 50 nəfərdən çox artırmaq qərarına gəlib.
X.Kolomina Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının tərəfdarı olduqlarını diqqətə çatdırıb: “Regionda əsas oyunçu olan Türkiyə bizim üçün çox vacib müttəfiqdir. Türkiyə bilir ki, biz Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasının tərəfdarıyıq”.
Rizvan FIKRƏTOĞLU
XQ