“Muxtar Respublikanın hər yerində olduğu kimi, Naxçıvan şəhərində də 7 fevral prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri hazırlıq işləri yekunlaşıb. Belə ki, təchizat və təminat məsələləri tələblərə uyğun həll edilib, məntəqələrin hamısı lazım olan avadanlıqlarla, seçki materialları ilə təmin olunub. Onu da qeyd edim ki, məntəqələrdəki səsvermə kabinələrinin və təşviqat lövhələrinin hamısı yenilənib”. Bu sözləri secki-2024.az saytına açıqlamasında 4 saylı Naxçıvan şəhər dairə seçki komissiyasının sədri Çingiz Həsənli bildirib.
O həmçinin bildirib ki, sözügedən dairə üzrə 42 seçki məntəqəsi yaradılıb, onlardan 4-də veb-kamera quraşdırılıb: “Bildirişlər nəzərdə tutulmuş müddətdə seçicilərə paylanılıb. Artıq bülletenləri də Mərkəzi Seçki Komissiyasından almışıq, seçkilərin keçirilməsinə üç gün qalmışadək məntəqələrə təhvil veriləcək. Yaşlı və sağlamlıq imkanları məhdud şəxslər üçün isə daşınan qutu vasitəsilə səsvermə imkanı yaradılacaq”.
Ç.Həsənlinin sözlərinə görə, dairədə ümumilikdə 44 min 622 nəfər seçici var ki, onlardan 2 972 nəfəri ilk dəfə səs verənlərdir: “Ən yaşlı seçicimiz 4-11 saylı məntəqədə qeydiyyatda olan 1924-cü il təvəllüdlü Məmmədova Mirvari Yusif qızıdır”.
Qeyd edək ki, 4 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin ən çox qeydiyyatda olduğu məntəqə 4-28 saylı seçki məntəqəsidir. Burada ümumi seçici sayı 1 466 nəfər təşkil edir.