WSJ: Aİ Ukraynaya Macarıstanın vetosundan yan keçməsinə kömək etmək üçün fond yaratmaq istəyir

post-img

"The Wall Street Journal" (WSJ) sənəd layihəsinə istinadən yazır ki, Avropa Xarici Fəaliyyət Xidməti Macarıstanın tətbiq etdiyi vetodan yan keçmək üçün Ukraynaya yardım fondu yaratmağı düşünür. Fondun büdcədənkənar Avropa Sülh Fondunun aktivlərindən təxminən 6,5 milyard avro alacağı və 2024-cü ildən 2027-ci ilə qədər hər il Kiyevə 5 milyard avroya qədər vəsait ayıracağı gözlənilir.

WSJ-nin məlumatına görə, layihənin məqsədi bu pulu ölkələrə Ukrayna üçün hərbi yardım, o cümlədən döyüş sursatları və hava hücumundan müdafiə raketlərinin birgə alınmasına görə kompensasiya ödəmək üçün istifadə etməkdir. Vəsaitin bir hissəsi Avropa İttifaqının (Aİ) Ukrayna üçün hərbi təlim proqramının xərclərinin ödənilməsinə də sərf olunacaq. Təkcə 2024-cü ildə fondun sayəsində Aİ ölkələri təxminən 7,5 milyard avro təzminat ala biləcəklər.

Qəzetin fikrincə, yeni fondun strukturu Macarıstanın blokladığı və ya qarşılığında öz tələblərini irəli sürmək üçün “rıçaq qismində” istifadə etdiyi tranşların ayrılmasından qaçmağa kömək edəcək. Fondun, həmçinin az miqdarda döyüş sursatı olan Aİ ölkələrinə birgə satınalmalarda resursları birləşdirməyə icazə verməsi gözlənilir.

2023-cü ilin dekabrında Macarıstanın baş naziri Viktor Orban Ukraynaya 50 milyard avroluq uzunmüddətli yardım proqramı ilə bağlı qərara veto qoymuşdu. Yanvar ayında "Politico" mənbələri Kiyevə hər il yardımı nəzərdən keçirmək imkanı verilərsə, Budapeştin vetonu ləğv edəcəyini bildirmişdi. "Euractiv"in məlumatına görə, Aİ mart ayından gec olmayaraq Ukraynaya yardım göstərəcəyini vəd edib.

S.ELAY

XQ

Dünya