Böyük Britaniyada 1973-cü il fəlakəti təkrarlana bilər

post-img

Son onillik bütün dünya üçün çox uğursuz oldu. Çində alovlanan pan­demiya bütün dünyanı başına aldı. Enerji sarsıntıları və Yaxın Şərqdə lo­kal müharibələr dünya iqtisadiyyatına ağır zərbə vurdu. Nəticədə inflyasiya­nın və işsizliyin səviyyəsi sürətlə qalx­dı, Böyük Britaniya iqtisadaiyyatı isə resessiyaya uğradı. 

“The Telegraph” bu hadisələrin fo­nunda Böyük Britaniyanın sosial-iqtisadi mənzərəsini cızmağa çalışır və yazır: “Staqflyasiya adlanan zəhərli proses si­yasi qarışıqlıq yaradaraq ölkəyə zərbə vurdu. Həmkarlar ittifaqlarının aramsız tətilləri bir sıra sənaye sahələrini tama­milə iflic etdi. Qəzəbli ictimaiyyət bütün bu baş verənlərə görə, son dərəcə qey­ri-sabit olan siyasi sistemi günahlandırdı və nəticədə on il ərzində beş hökumət, dörd baş nazir dəyişdi.

Adamda belə bir təəssürat yaranır ki, 2020-ci illərdə baş verənlər 1970-ci illəri təkrarlayır. Əgər leyborist Key Starmer növbəti seçkilərdə qalib gəlsə, paralellik demək olar ki, tamamlanacaq. Amma bəzi fərqlərin olacağını da inkar etmək olmaz. Nəhayət, axı 1973-74-cü illəri heç də əsassız yerə ötən əsrdə Böyük Britaniya üçün ən pis illər hesab etmirlər: inflyasiya 9 faizə qalxmışdı, yanacaq çatışmazlığı ölkəni iki illik tənəzzülə sü­rükləmişdi, hətta müəssisə və idarələr üç günlük iş həftəsinə keçməyə məcbur olmuşdular. Üstəlik, bütün bu hadisələ­rin baş verdiyi illərdə İngiltərə milli futbol komandası dünya çempionatına vəsiqə qazana bilməmişdi.

“The Telegraph” qeyd edir ki, bazar­ların son çərşənbə günü açıqlanan infl­yasiya məlumatlarına kəskin reaksiyasını diktə edən də məhz bu hisslərdir. Onun göstəricilərinin 2023-cü ilin fevralından bəri ilk dəfə olaraq aylıq 3,9 faizdən 4 faizə yüksəldiyi məlum olanda, Britani­ya Fond Birjasının FTSE 100 indeksi, demək olar ki, 2 faizə düşüb.

Bəzilərinə elə görünə bilər ki, bunlar həddindən artıq şişirdilir, çünki artımın əsas hissəsi tütün məmulatlarına daha yüksək tariflərlə şərtlənir, əsas inflyasiya isə sabit qalır. Lakin bu, Britaniya iqtisa­diyyatının uçurumun kənarında olması üzündən yaranan həyəcanın daha da artdığını əks etdirir. Hətta aydın görünür ki, İngiltərə Bankı da dərəcəni 5,25 fa­izdən aşağı salmağa tələsmir və özünü sığortalamağa üstünlük verir.

İngiltərədə vəziyyət, həqiqətən, çox ciddidir. Bunu təkcə “The Telegraph” yazmır. İnflyasiya həyəcanverici dərəcə­də sabitdir. İqtisadiyyat ciddi sarsıntıya məruz qalmaqla yanaşı, meydana çıxan bir çox problemlər də onun vəziyyətini daha da ağırlaşdırır: karantin, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı və bununla əlaqədar enerji daşıyıcılarının qiymətlərindəki sıçrayış, Qırmızı dənizdə ticarət gəmilərinə hücumlar, Yaxın Şərq­də lokal münaqişə... 

Bunlar öz yerində. İngiltərə nəşri ya­zır ki, Böyük Britaniya sübut edir ki, özü də inflyasiyanı “çox yaxşı” sürətləndirə bilər: davamlı karantinlər səbəbindən hökumət əldə etdiyi gəlirdən təxminən 400 milyard funt sterlinq daha çox borc alıb.

1973-cü ili böhran həddinə çatdıran həm də siyasi uğursuzluqlarla iqtisadi təlatümlərin üst-üstə düşməsi olmuşdu. Neftin qiyməti qalxanda hökumət kömürə üz tutmuşdu. Sonra mədənçilərin həm­karlar ittifaqları inflyasiyanın təsirini bir qədər yumşaltmaq ümidi ilə dərhal ma­aşların artırılmasını tələb etmişdilər. Göz­lənilən nəticə dərhal özünü göstərmişdi və silsilə tətillər başlamışdı. Bundan əlavə, elektrik enerjisinin kommersiya təchizatının həftədə yalnız üç gün təmin ediləcəyi təhlükəsi yaranmışdı.

Nəşr yazır: “Enerji məhdudiyyətləri Britaniya iqtisadiyyatını cənginə alıb onu tamamilə iflic vəziyyətinə saldı. İstehlak­çılar tezliklə aydınlaşdırdılar ki, məhsul çeşidi azalır və iqtisadiyyatın durğunlu­ğuna baxmayaraq, bu, qiymətlərin art­masına səbəb olur”.

Əslində indinin özündə də İngiltərə­də buna bənzər ssenarini təsəvvür et­mək çətin deyil. Düzdür, mexanizmlər bir qədər fərqlidir. Şərhçilər qeyd edirlər ki, keçənilki tətillərin yaratdığı səs-küy və narahatlıqlara baxmayaraq, Britaniya siyasətində həmkarlar ittifaqlarının çəkisi və təsir imkanları artıq əvvəlki kimi deyil. 1970-ci illərdə onlar, həqiqətən, bütün iş­çilərin təxminən yarısını təmsil etdiklərini iddia edirdilər. Bu gün onların payı təx­minən 20 faizə düşüb.

“The Telegraph” bütün günahı hö­kumətdə görür və bildirir ki, fəlakətə apa­ran “ən etibarlı yol” dövlət siyasətidir. Bir anlığa təsəvvür edin ki, Avropaya yana­caq xammalı idxalı yenidən pozulacaq. Bütün qitədə enerji daşıyıcılarının qiy­mətləri artacaq. Britaniyanın əmək bazarı bunu çox sakit qəbul edəcək. Real əmək haqqını saxlamaq üçün, həmkarlar itti­faqları ilə kəskin danışıqlar aparmadan, məşğulluğu yüksək saxlamaq mümkün olsa da, inflyasiya əmək haqqını “yeyə­cək”. Yeni leyborist hökuməti işə qarış­mayana qədər, sistem nəzərdə tutuldu­ğu kimi işləməyə davam edəcək.

“Müavinətlərin dəqiq necə – inflyasi­ya əsasında və ya orta əməkhaqqı əsa­sında artırılmasının seçilməsinə gəlincə, hökumət öz büdcə qaydalarını pozaraq, birinci variantı seçir. Bu isə nəinki isteh­lak tələbinin (bununla bərabər həm də qiymətlərin), artmasına səbəb olacaq, həm də işləmək həvəsini söndürəcək”, – deyə “The Telegraph” yazır. 

Müşahidələr göstərir ki, son iki ildə bu vəziyyətdə əksər britaniyalının zəif müqavimət yolu tutduğu açıq-aydın gö­rünür. Bu da əsasən ondan irəli gəlir ki, vergi yüklərinin rekord həddə qaldırılma­sı özü-özlüyündə insanların işləmək sti­mulunu məhv edir.

Əgər Starmer 2030-cu ilə qədər ener­ji sistemini “karbonsuzlaşdırmaq” planını irəli sürərsə, vəziyyət daha da pisləşəcək. O zaman Böyük Britaniya işıqların kütləvi şəkildə kəsilməsinə artıq təhlükəli dərə­cədə yaxınlaşacaq, çünki indinin özündə ölkənin milli enerji sistemi artıq insanlara qənaət etmələrinə görə əlavə pul ödəyir, təklif isə tələb ilə zorla ayaqlaşır. 

Bu gün ölkə qaranlıq və küləksiz günlərdə mədən yanacağı yandırmaqla keçinir - əsasən qazla işləyən elektrik stansiyaları fəaliyyət göstərir. Əlbəttə, bəzi tədbirləri gerçəkləşdirməklə, kar­bon qazının tutulması və saxlanması vasitələri ilə xalis sıfır hədəfinə çatmaq bəlkə də mümkündür. Lakin elektrik ener­jisi istehsalında fasilələrlə bərpa olunan enerji mənbələrinin payı daim artdığın­dan (tələbat kimi - xüsusən də qazla işləyən isitmə sistemlərini tədricən istilik nasosları əvəz etdikcə) mövcud güclərin kifayət etməyəcəyi istisna edilmir. 

Çətin ki, leyboristlər mədən yana­cağı ilə işləyəcək elektrik stansiyaları tikmək yolunu seçsinlər. Əlbəttə, nüvə layihələri son dərəcə əladır, lakin bun­lar həddən artıq yüklənmiş İngiltərənin planlaşdırma sisteminin öhdəsindən gələ biləcəyi iş deyil. Beləliklə, qlobal enerji qiymətlərində qəfil sıçrayış olmasa belə, elektrik enerjisinin verilməsində fasilələ­rin olması ehtimalı böyükdür. 

“Nəhayət, pul-kredit siyasətində səhv hesablamalar “tabuta vurulan son mismar” olacaq, - deyə “The Telegraph” yazır. “1970-ci illərdə həm hökumət, həm də İngiltərə Bankı faiz dərəcələrini artırmadan inflyasiyanı cilovlaya biləcək­lərini güman edirdilər. Onların fikrincə, inflyasiya ilə mübarizənin ən etibarlı yolu qiymətlərə nəzarət, vergi dərəcələrinin dəyişdirilməsi və digər fiskal tədbirlərdən ibarətdir. Nəticədə 1975-ci ilə qədər inf­lyasiya, demək olar ki, 23 faizə çatdı ki, bu da son 700 ildə görünməmiş bir sə­viyyə idi.

Bugünkü İngiltərə Bankı inflyasiyaya nəzarət etməyin pul sahibi kimi hakimiy­yətin məsuliyyəti olduğunu yaxşı bilir. Məsələ bundadır ki, onlar bunu çox pis həyata keçirirlər. Bankın son iki ildəki korlanmış nüfuzu inflyasiyanın sürətlə aradan qaldırıla biləcəyinə olan ümidləri puça çıxarmalıdır”.

Qəzet sonra yazır: “Beləcə, yeganə çatışmayan şey böhranın başlaması üçün bir təkandır”. 

Hələ ki, Yaxın Şərqdəki lokal döyüşlə­rin əvvəlki kimi genişlənə və bütün regio­nu əhatə edə biləcəyi ehtimalı böyükdür. Qlobal ticarətin 12 faizinin Süveyş kana­lından və qlobal neft ixracının 20 faizinin Hörmüz boğazından keçdiyini nəzərə al­saq, istənilən geniş münaqişə təchizatı kəskin şəkildə azaldacaq və qiymətlər sürətlə qalxacaq. Eyni şeyi Çinin ərazi bötövlüyünü bərpa etmək üçün Tayvana hücum perspektivi və bunun ardınca gələcək iqtisadiyyatın Şərq və Qərbə bölünməsi haqqında da demək olar.

“The Telegraph” sonda belə yazır: “Bunlar yalnız ən gerçək problemlərdir. Kataklizmlərin xüsusiyyətləri ondadır ki, mahiyyətinə görə onları proqnoz­laşdırmaq çətindir. “Sıfır emissiya”sının ardınca qaçıb, İngiltərə Bankının səhv hesablamaları və ümumi siyasi iğtişaşlar səbəbindən biz 1973-cü il hadisələrinin təkrarlanması ilə üz-üzə qala bilərik”. 

Hazırladı:
İlqar RÜSTƏMOV
XQ

Dünya