Qırğızıstanın Baş naziri Akılbek Japarov Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Skinas ilə görüşüb. Məlumatı “Anadolu” verib.
Hökumətin mətbuat xidmətinin məlumatına görə, Nazirlər Kabinetinin rəhbəri 2023-cü ildə Qırğızıstan ilə Avropa İttifaqı arasında əməkdaşlığın həm regionlararası, həm də ikitərəfli səviyyədə dinamik inkişaf etdiyini bildirib: “Mərkəzi Asiya və Avropa İttifaqı ölkələri liderlərinin növbəti görüşü keçirilib, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ölkəmizə ilk rəsmi səfəri baş tutub. Sevindirici haldır ki, 2024-cü il avropalı tərəfdaşlarla yüksək səviyyəli görüşlə başlayır. Əminəm ki, bu, 2023-cü ilin iyununda Çolpon-Ata şəhərində keçirilən Mərkəzi Asiya-Avropa İttifaqı sammiti zamanı liderlərimizin qarşıya qoyduğu vəzifələrə cavab verir”.
Japarov ölkədə aparılan islahatlardan danışıb və Qırğızıstanın Avropa ilə Asiya arasında mühüm əlaqə olduğunu qeyd edib. O, ölkənin iri infrastruktur layihələri, məsələn, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi haqqında məlumat verib.
Marqaritis Skinas, öz növbəsində, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və möhkəmlənməsinə sadiq olduğunu qeyd edib.
Söhbət zamanı tərəflər ikitərəfli əməkdaşlığın cari məsələlərini müzakirə ediblər.
P.ƏMİRCANOV
XQ