Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Wikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında XX əsrin əvvəllərindən xarici havadarların hərbi-siyasi dəstəyi ilə parça-parça qoparılaraq Ermənistana birləşdirilən qədim Azərbaycan ərazisi olan Zəngəzur mahalı haqqında özbək dilində bölmə istifadəyə verilib.
Məqalədə qeyd olunur ki, Zəngəzur Azərbaycan ərazilərinin bir hissəsini əhatə edən tarixi torpaqlardır. Zəngəzur toponimi haqqında verilmiş məlumatda bildirilir ki, “Zəngi” – qədim türk tayfasının adıdır və bu gün də ərazidəki coğrafi toponimlər türk mənşəlidir.
Materialın Tarix bölməsində arxiv sənədləri və tarixi faktlar əsasında məlumat verilir ki, 1905-1907-ci, eləcə də 1918-1920-ci illər ərzində erməni dəstələri tərəfindən Zəngəzurun azərbaycanlılar yaşayan kəndlərinə silahlı hücumlar törədilib və bu hücumlar nəticəsində 100-dən çox kənd talan olunub, yandırılaraq yer üzündən silinib.
Məqalədə 1920-ci il avqustun 10-da Rusiyanın Qafqaz Bürosunun Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar qəbul etdiyi, Qarabağ və Zəngəzur bölgələrinin isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olunduğu vurğulanır. Burada o da qeyd olunur ki, daha sonra Azərbaycan Sov.K(b)P Siyasi və Təşkilat Bürosunun ümumi yığıncağında Zəngəzurun Ermənistana verilməsi ilə bağlı qərar qəbul edilib.
Yazıda 1988-ci ildə Qərbi Azərbaycan (indiki Ermənistan ərazisindən) təkcə Zəngəzurlular deyil, Göyçə, Dərələyəz və İrəvan mahalı sakinlərinin də öz ata-baba yurdlarından qovulduğu və terrora məruz qaldığı, habelə tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı qeyd olunur.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin "Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük, halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır” sitatı da yer alıb.
Materialda tarixi sənədlərə istinad edilib və 1920-ci il iyulun 14-də Fransanın “L'Oeuvre” jurnalında dərc olunan məqalənin fotoşəkili əks olunub. Jurnalda dərc olunan məqalədə isə Sovet Rusiyası ilə Ermənistan Respublikası arasında həmin il iyulun 1-də imzalanan müqaviləyə əsasən Azərbaycan ərazisi olan Zəngəzur bölgəsinin Ermənistana verilməsi faktı da əks olunub.
Məqalənin “Zangezur koridori” adlı bölməsində Zəngəzur dəhlizi haqqında məlumatlar da öz əksini tapıb.
Bölmədə qeyd olunur ki, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbənin əhəmiyyətli nəticələrindən biri də Naxçıvandan Azərbaycanın əsas hissəsinə birbaşa uzanan Zəngəzur dəhlizinin açılması məsələsidir. Burada 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli Bəyanatda təkcə hərbi əməliyyatların dayandırılması deyil, həm də Cənubi Qafqazda Ermənistanın təxminən 30 il ərzində davam etdirdiyi işğalçı siyasəti nəticəsində bölgədə məhdudlaşan iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, inkişafı və bu istiqamətdə qlobal layihələrin həyata keçirilməsinə hüquqi zəmin yaratdığı da əks olunub.
Məqalədə Zəngəzur dəhlizinin kifayət qədər böyük iqtisadi potensiala və təbii ehtiyatlara malik olması, regionlararası iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacağı da qeyd olunur. Vurğulanır ki, bu layihə ümumdaxili məhsulu 1,1 trilyon dollardan çox olan türk dövlətləri üçün strateji və iqtisadi əhəmiyyət daşıyır.
Bölmədə 2021-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinin quruculuq işlərinin təməlqoyma mərasimində iştirakı, erməni işğalçılarından azad edilmiş bölgədə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, yəni Zəngəzur dəhlizinin əsasını təşkil edən yolun açılışı barədə məlumatlar və fotoşəkillər də öz əksini tapıb.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Daşkənd