Ermənistanın valyuta ehtiyatları sürətlə azalır

post-img

Ermənistanın Rusiya-Ukrayna müharibəsindən əvvəlki dövrdə artan beynəlxalq valyuta ehtiyatları sürətlə azalır. İl ərzində ehtiyatlar, ümumilikdə, 12 faizdən çox azalıb”.

Bu barədə Ermənistanın “168 Zham” nəşrində dərc olunan məqalədə deyilir.

Bildirilib ki, Ermənistan Mərkəzi Bankının açıqladığı məlumatlara görə, ötən ilin dekabr ayının sonunda valyuta ehtiyatları 3 milyard 601 milyon dollar təşkil edib. Ötən ilin eyni ayı ilə müqayisədə ehtiyatlar təxminən 510 milyon dollar azalıb: “Bu, ehtiyatların xeyli azalmasıdır və bu da risklər daşıyır”. 

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi və məlum xarici ticarət artımına qədər Ermənistanın valyuta ehtiyatları ən azı 5 aylıq idxalı təmin edirdi. Lakin ötən ilin sonundakı məlumatlara görə, bu müddət kifayət qədər azaldılıb, hazırda 3,5 ay səviyyəsindədir. Buna bir tərəfdən ehtiyatların azalması, digər tərəfdən isə təkrar ixracla bağlı idxalın həcminin kəskin artması şərait yaradıb.

“Valyuta axınının azalması nəticəsində valyuta bazarında milli valyutanın devalvasiya riskləri artıb. Yaxın gələcəkdə azalma daha da güclənə bilər”, - məqalədə deyilir.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya