Paşinyan Ermənistan ordusundakı intizamsızlıqdan narahatdır

post-img

Ermənistanın baş naziri Nikol Paşinyan ordu rəhbərliyinə ölkənin silahlı qüvvələrinin sıralarında nizam-intizamın yaxşılaşdırılması üçün tədbirlər görməyi tapşırıb.

Ermənistan mətbuatı məlumat yayıb ki, Ermənistan Müdafiə Nazirliyində keçirilən yekun iclasda baş nazir “dedovşina”nın kökünü kəsmək üçün ardıcıl addımların atılmasının vacibliyini vurğulayıb. Paşinyan bu istiqamətdə hərbçilərə konkret tapşırıqlar verib.

Görüş zamanı hökumət başçısına Silahlı Qüvvələrin arsenalının artırılması, kazarmaların tikilməsi, mühəndis mövqelərinin təchiz edilməsi, qoşunların döyüş hazırlığının artırılması ilə bağlı işlər də təqdim olunub.

Xatırladaq ki, yanvarın 9-da Ermənistan Silahlı Qüvvələrinin 2-ci ordu korpusunda iki insident qeydə alınıb. Səhər tezdən müqaviləli əsgər Karen Karapetyanın meyiti güllə yarası ilə döyüş postunda tapılıb. Bir neçə saat sonra isə baş leytenant Mikael Danielyanın meyiti güllə yarası ilə başqa postda tapılıb.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Dünya