İğtişaşların arxasında Qərbin barmağı görünür
Son bazar günü Belqrad şəhərinin mərkəzində bu ölkədə dekabrın 17-dəkeçirilən son parlament seçkilərinin nəticələrinə etiraz mitinqi olub. Lakin aksiya tezliklə zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlara çevrilib. Bu barədə “Lenta.ru” saytı məlumat yayıb.
Xəbərdə deyilir ki, Belqrad meriyasının qarşısında baş verən iğtişaşlar zamanı iki polis əməkdaşı ağır yaralanıb. Daha bir neçə polis zabiti etirazçılar tərəfindən onlara atılan daşlardan yüngül xəsarətlər alıb. İğtişaş törədən 35 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Serbiya Respublikasının PrezidentiAleksandar Vuçiç dünən iğtişaşlarla əlaqədar Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Dövlət başçısı “Pink” telekanalına müsahibəsində bildirib ki, ölkədəki iğtişaşlar Qərbin indiyədək bir çox ölkələrdə sınaqdan çıxardığı növbəti “rəngli inqilab” ssenarisindən başqa bir şey deyil.
Prezidentin sözlərinə görə, bir çoxlarıBelqradın anti-Rusiya sanksiyalarına qoşulmasında israr edərək Serbiyaya öz iradələrini yeritməyə çalışırlar, lakin rəsmi Belqrad bundan sonra da müstəqil siyasət yürütməyə davam edəcək.
Serbiya Prezidenti sonra deyibdir: “Onlar (Qərb dairələri-red) Serbiyanı zəif görmək istəyirlər. Niyyətləri budur ki, əvvəllər olduğu kimi, bizi adi bir oyuncaq kimi idarə etsinlər, hökuməti və nazirləri seçə bilsinlər, hansı siyasətin həyata keçiriləcəyinə qərar versinlər, faksla və ya telefonla əmrlər versinlər ki, Rusiyaya qarşı sanksiyalar tətbiq edin. Amma biz öz siyasətimizi aparmaq istəyirik”.
Bu arada Serbiyanın Baş naziri Ana Brnabiç deyib ki, Moskva Belqradı mümkün iğtişaşlar barədə xəbərdar etmişdi. Hökumət başçısı Rusiya təhlükəsizlik xidmətindəki işçilərə təşəkkür edib və əlavə edib ki, onun bu bəyanatı Qərbdə populyar olmayacaq və ölkə siyasətçilərinə qarşı böhtan kampaniyası başlanacaq.
Tanınmış siyasi şərhçi, professor Mübariz Məmmədli hesab edir ki, Qərb çoxdan rəsmi Belqradın Moskava ilə yaxın münasibətlərindən narahatdır. Bundan başqa, Serbiyanı Kosovonun müstəqilliyini tanımağa məcbur etmək istəyirlər.
Professor, həmçinin bildirdi ki, bu ilin oktyabrında Fransa, Almaniya liderləri açıq şəkildə Belqradı Kosovonu tanımağa çağırmışdılar. Ölkə iqtidarı bu təzyiqlərə davam gətirmək üçün özündə güc tapa bildi. Məsələ burasındadır ki, Serbiyaəhalisinin böyük əksəriyyəti hazırkı iqtidarı dəstəkləyir.
Təkcə Fransa və Almaniya deyil, ABŞ dövləti də Serbiyanı “cəzalandırmağa can atır”. Belə ki, Ağ ev USAİD xətti ilə Qərbin diqtəsini yerinə yetirməyən ölkələrdə iğtişaşlar törətmək, loyal hakimiyyətlərin qurulmasına nail olmaq siyasətini davam etdirir. Sirr deyil ki, Serbiya da okeanın o tayında “qara siyahı”ya salınan dövlətlərdəndir.
Bakı Dövlət Universitetinin xarici ölkələrin iqtisadi, siyasi coğrafiyası kafedrasının müdiri, professor Aydın İbrahimov qeyd etdi ki, Qərb eyni siyasəti vaxtilə Ukraynada həyata keçirib və bu gün bu ölkəni faktiki olaraq məhv olmaq təhlükəsi ilə üz-üzə qoyub.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev mövzu ilə bağlı bizimlə söhbətində vurğuladı ki, Qərb siyasətçiləri eyni qaydada Azərbaycanı da uzun illər ərazilərinin işğalı ilə barışmağa məcbur etmək istəyiblər, eyni ssenari ilə burada da çevrilişlər planları olub, amma bu, baş tutmayıb və heç vaxt tutmayacaq. Azərbaycan xalqı öz dostunu düşmənindən ayırmağı yaxşı bacarır.
T.Rzayev əmindir ki, Serbiyada qanuni seçilmiş iqtidarı devirmək planları mümkün olmayacaq. Son illər Serbiya Azərbaycan dövləti ilə bir çox sahələrdə uğurla əməkdaşlıq edir və ölkəmizi beynəlxalq platformalarda dəstəkləyir.
Xatırladaq ki, Serbiyada 9 gün əvvəl keçirilən növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyası qalib gəlib. Belə ki, Prezident Vuçiçin sədri olduğu Serb Tərəqqi Partiyasının liderliyində qurulan koalisiya seçkilərdə ümumi səslərin, təxminən, 47 faizini toplayıb. Bununla da “Aleksandar Vuçiç – Serbiya dayanmamalıdır” koalisiyası ölkə parlamentində özünə 250 yerdən 129-nu təmin edib.
Yeri gəlmişkən, parlament seçkiləri ilə yanaşı, Belqrad Şəhər Assambleyasına keçirilən yerli seçkilərdə isə hakim partiya səslərin 39 faizini toplaya bilib.
Ən son məlumatlara görə, Qərbin Serbiyada məkrli planları özünü doğrultmur, Belqradda hazırda tam sakitlikdir.
M.HACIXANLI
XQ