Türkiyə ordusu İraqın şimalında və Suriyada PKK-nın hədəflərinə irimiqyaslı hava zərbələri endirib. F-16 döyüş təyyarələrinin iştirak etdiyi əməliyyat zamanı Suriya və İraqın şimalında yerləşən 120 kilometr dərinlikdə müəyyən edilən koordinatlar bir-bir vurulub, 30 terrorçu zərərsizləşdirilib.
Türkiyə Müdafiə Nazirliyindən bildirilib ki, həftəsonundan bu yana zərərsizləşdirilən terrorçuların sayı 56-ya yüksəlib. Əməliyyata müdafiə naziri Yaşar Gülər Hərbi Hava Qüvvələri Əməliyyat Mərkəzindən rəhbərlik edib. O, hava əməliyyatlarından sonra pilotlara müraciət edib. Milli Müdafiə Nazirliyinin sosial media hesabında paylaşılan görüntülərdə nazir Gülər bu mesajları verib: “Kədərimiz böyükdür. Bununla belə, övladlarımızın qisasını almaq üçün iradəmiz var. Biz bu günə qədər şəhidlərimizin qanını yerdə qoymamışıq”.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin əməliyyatı terrorçuların 12 türk əsgərinin qətlə yetirdikdən sonra başlayıb.
Bu arada Türkiyədə fəaliyyəti qadağan edilən Kürdüstan İşçi Partiyasının (PKK) liderlərindən biri Milli Kəşfiyyat Təşkilatının (MİT) keçirdiyi xüsusi əməliyyat nəticəsində Suriyanın şimalında zərərsizləşdirilib. Bu barədə Anadolu agentliyi ölkənin təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən məlumat yayıb. “MİT Suriyada terror təşkilatı PKK/YPG-nin liderlərindən biri, “Bahoz Afrin” kod adlı terrorçunu zərərsizləşdirib”, – agentlik bildirib.
P.ƏFƏNDİ
XQ