Beynəlxalq alimlər qrupu Marsda 1 milyon il əvvəl baş vermiş vulkanik fəaliyyətin izlərini aşkar ediblər. Bu kəşf “Qırmızı” planetin milyardlarla il əvvəl geoloji cəhətdən “öldüyü” ilə bağlı nəzəriyyəni şübhə altına alıb.
Arizona Universitetinin tədqiqatçılarının rəhbərlik etdiyi qrup Marsda nəhəng “Elysium Planitia” bölgəsində yerləşən “Cerberus Fossae” kraterini tədqiq edib. Araşdırma zamanı bölgədəki vulkanik birləşmələrin ətraflı üçölçülü xəritəsi hazırlanıb. Ərazinin səthinin fotoşəkillərinin təhlili zamanı lava aşkar edilib. Üstəlik, onun yalnız 1 milyon il əvvəl səthdəki çoxsaylı çatlardan püskürdüyü məlum olub. Bu lava isə Alyaska ölçüsündə bir ərazini əhatə edib.
Alimlərin fikrincə, həmin dövrdə Marsın səthində sular olub. Onunla və yeraltı sularla qarşılıqlı əlaqədə olan lava dərin kanallar əmələ gətirən böyük daşqınlara səbəb olub. Bu da onu göstərir ki, Marsın əvvəllər düşünüldüyündən daha fırtınalı geoloji keçmişi olub. Onun milyardlarla il əvvəl geoloji cəhətdən “öldüyü” ilə bağlı nəzəriyyə isə reallığı əks etdirmir.
Ə.PÜNHAN
XQ

