BMT nümayəndəsi: Ankara-Afina yaxınlaşması Kipr sülh prosesinə təkan verəcək

post-img

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar və Cənubi Kipr Administrasiyasının rəhbəri Nikos Kristodoulides bazar ertəsi axşam Lefkoşada ilsonu ziyafətində iştirak ediblər. Bu barədə Kipr Türk Agentliyinə (TAK) istinadən “Anadolu” məlumat yayıb.

Ənənəyə görə, tədbiri BMT Baş katibinin Kiprdəki xüsusi nümayəndəsi Kolin Stüart aparır.

Qəbuldakı çıxışında Stüart bütün maraqlı tərəfləri Kipr probleminin həlli üçün səylərini “cəmləməyə və ikiqat artırmağa” çağırıb. “Mövcud çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq üçün iki liderə dəstək olun. İndi hər zamankından daha fəal olmaq lazımdır”, - deyə o, xüsusilə qeyd edib.

O, BMT Baş katibinin Kipr problemi üzrə şəxsi nümayəndəsi vəzifəsinə Maria Angela Holguin Kuelyarın namizədliyinin təsdiq edilməsinə Ersin Tatar və Nikos    Kristodoulidesin razılıq verməsindən məmnunluğunu ifadə edib.

Stüart Yunanıstan və Türkiyə arasında son yaxınlaşmanı ümidverici adlandırıb. Onun sözlərinə görə, Ankara ilə Afina arasında “müsbət proseslər” davam edir. O, "analoji hadisələrin adada (Kipr) baş verəcəyinə və bu prosesə müsbət təkan verəcəyinə" ümid etdiyini bildirib.

P.ƏMİRCANOV
XQ

Dünya