Zaxarova: Paris viza verməməklə beynəlxalq normaları pozub

post-img

Fransanın UNESCO Baş Konfransının 42-ci sessiyasında iştirak etmək üçün Rusiya nümayəndə heyətinin iki üzvünə viza verməməsi tam mədəniyyətsizlikdir. Bunu noyabrın 8-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Məlumatı “İzvestiya.ru” verib.

“Bu, mədəniyyətsizlikdir, mən belə düşünürəm. Tam mədəniyyətsizlik”, - deyə o, “Sputnik” radiosunun efirində qeyd edib.

Diplomat vurğulayıb ki, UNESCO-nun müxtəlif kateqoriyalı rus diplomatları ilə oxşar hallar mütəmadi olaraq baş verməyə başlayıb: “Bunun əziyyətini əsasən mədəni irsin qorunması və təhsil məsələləri ilə məşğul olanlar çəkirlər. Bəzi kateqoriyalara, bəzi nümayəndələrə, prinsipcə, vizalar verilmir. Onlar bəzi qara siyahılarda, sanksiyalar altında olduqları üçün deyil, sadəcə olaraq, heç bir izahat olmadan vizasız qalırlar. Kiməsə, məsələn, komissiyanın məsul katibi Tatyana Dovqalenkoya viza verilməsini o qədər ləngidiblər ki, o, konfransda iştiraka vaxtında çata bilməyib”, - Zaxarova bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Parisin qəbul edən ölkə kimi birbaşa öhdəliyinə əməl etmədiyini qeyd edib.

P.ƏMİRCANOV
XQ

Dünya