Yaxın Şərq: müharibənin sonu görünmür...

post-img

HƏMAS yaraqlılarının İsrailə 7 ok­tyabr hücumundan və bu zaman dinc əhaliyə qarşı törədilən ağır zorakılıq­lardan sonra regionda gərginlik gün­bəgün artır. Yayılan xəbər və süjetlər, həqiqtən, ürəkğrıdıcıdır. 

Sağlam düşüncəli hər kəs düşünür ki, münaqişəni nəyin bahasına olur­sa-olsun dayandırmaq lazımdır, əks təqdirdə, bu alov bütün region dövlət­lərini, son nəticədə planetimizi çulğaya bilər. Amma böyük güclər və maraqlar adi bəşəri hissləri gözardı etməyi özünə rəva bilir.

Qərb dövlətlərinin liderləri bir-biri­nin ardınca münaqişə zonasına səfər edirlər, amma nə köhnə problemləri çözmək mümkün olur, nə də bölgədə baş alıb gedən şiddəti dayandırmaq. Bu səfərlər daha çox Yaxın Şərqin “siyasi podium”unda təmsil olunmaq cəhdindən başqa bir şey deyil və daxi­li auditoriyada xalq qazanmaq niyyəti güdür. Regionda faktiki olaraq humani­tar fəlakət yaşanır. Bazar ertəsi səhər saatlarında Fələstin mediası Qəz­za zolağında bir neçə xəstəxananın yaxınlığında partlayışlar baş verdiyini bildirib. Heç bir müstəqil mənbə itkilər barədə məlumatları təsdiq etməyib.

Qəzzanın Səhiyyə Nazirliyi İsrai­lin zolağın şimal hissəsinin sakinlərini təxliyə etməyə çağırdığı cənub hissədə 800-dən çox mülki adamın öldürüldü­yünu açıqlayıb. Qurum elan edib ki, ok­tyabrın 7-dən bəri Qəzzada həlak olan fəlastinlilərin sayı azı 4 min 651 nəfər olub. İsrail rəsmilərinin yaydığı son xəbərə görə isə, HƏMAS-ın 7 oktyabr hücumundan sonra bu ölkədə ölənlə­rin sayı 1400-ü ötüb. Müxtəlif mənbələ­rin məlumatına görə, hazırda iki yüzə yaxın İsrail vətəndaşı terrorçuların əlin­də girov kimi qalmaqdadır. 

HƏMAS–İsrail münaqişəsi nə qə­dər davam edə bilər? Bu sual indi çoxlarını düşündürür. Dünən İsrailin müdafiə naziri Yoav Qallant jurnalist­lərə bildirib ki, HƏMAS-a qarşı hərbi kampaniya “bir, iki, üç ay” davam edə bilər və bu müddət silahlı qruplaşma­nın tamamilə məhv edilməsi ilə başa çatmalıdır.

“Bu, Qəzzada son əməliyyatımız olmalıdır, çünki daha sonra HƏMAS olmayacaq” -Yoav Qallant deyib. Na­zir növbəti mərhələnin, çox gözlənilən quru əməliyyatının tezliklə baş tutaca­ğını bildirib. Ancaq bunun nə zaman olacağı bəlli deyil.

Dünən İsrail aviasiyası İordan ça­yının Qərb sahilində yerləşən Jenin bölgəsindəki HƏMAS-a məxsus ol­duğu iddia edilən bir çox obyektlərə zərbələr endirib. Mənbə bildirir ki, ölən və yaralananlar, eləcə də dağıntılar var. Bundan əvvəl isə İsrail aviasiyası Suriyanın paytaxtı Dəməşqi və Hələb şəhərini ağır bombardmana məruz qo­yub. Təl-Əviv bildirib ki, bundan əvvəl məhz həmin hədəflərdən İsrail ərazi­sinə raketlər atılıb. Tərəflər bir-birlərini regionda eskalasiyanı körükləməkdə ittiham edirlər. 

Görünən budur ki, Yaxın Şərqdə “cin şüşədən çıxıb” və onu geri qay­tarmaq olduqca çətindir. Münaqişəyə İran, Səudiyyə Ərəbistanı, İordaniya və Misirin də qatıla biləcəyi ehtima­lı yüksəlir. Bir çox ərəb dövlətlərində də HƏMAS-İsrail münaqişəsi ilə bağlı ictimai-siyasi gərginlik artır. Narahat­lıq doğuran fakt həm də odur ki, HƏ­MAS-İsrail münaqişəsinə cəlb olunan tərəflərin heç biri güzəştə getmək və iddialarından geri çəkilmək istəmir. Əksinə, qarşılı uttihamlar və döyüşkən ritorika güclənir. 

Dünən İsrail Müdafiə Ordusunun mətbuat katibi Conatan Konrikus deyib ki, HƏMAS yaraqlıları bütün girovları azad etməsə və silahlarını yerə qoyma­sa, İsrail Silahlı Qüvvələrinin Qəzza zo­lağında yerüstü əməliyyatı demək olar ki, qaçılmaz olacaq. Onun sözlərinə görə, məqsəd HƏMAS-ı hərbi poten­sialından tamamilə məhrum etməkdir. Odur ki, İsrail ordusu Qəzzada yerüstü əməliyyatı keçirməli olacaq. 

Lakin bu, heç də asan hərbi əmə­liyyat olmayacaq. Birincisi ona görə ki, İran, Livan, Suriya rəsmiləri İsrailin Qəzzada yerüstü əməliyyata başla­masını “qırmızı xətt”i adlamaq kimi qəbul edəcəklərini bildiriblər. İkincisi, HƏMAS-ın qarşı tərəfin yerüstü hərbi əməliyyatlarına qarşı əvvəlcədən ciddi hazırlaşdığı bu gün heç kim üçün sirr deyildir. 

Bir çox təhlilçilər isə bu qənaət­dədirlər ki, İsrail tanklarının Qəzzaya daxil olması ilə ağır küçə döyüşləri başlana və hər iki tərəfin çoxlu canlı it­kilər verməsinə gətirib çıxara bilər. Ter­rorçuların hazırda əsas niyyətlərindən biri elə budur. Əlbəttə, bunu Təl-Əvivdə də yaxşı başa düşürlər. 

Bu arada ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada və Fransa­nın dövlət və hökumət başçıları İsra­ilə siyasi və hərbi dəstəklə bağlı birgə bəyanat qəbul ediblər. Sənəddə adları çəkilən bu aparıcı Qərb dövlətləri İsraili dəstəkləməklə yanaşı, onun özünü ter­rordan qorumaq haqqının olduğunu da vurğulayıblar. 

Bununla bərabər, Qərb liderləri öz­lərinin “humanist simaları”nı qorumaq üçün beynəlxalq humanitar qanunve­riciliyə əməl etməyə, habelə dinc sa­kinlərin təhlükəsizliyini təmin etməyə çağırıblar. Bəyanatda iki girovun (HƏ­MAS-ın azad etdiyi ABŞ-nin iki vətən­daşı nəzərdə tutulur-red.) alqışlansa da, başqa girovların da təcili sərbəst buraxılması istənilib. 

Sözügedən dövlət və hökumətlərin başçıları Qəzza zolağına ilk humanitar yardım karvanının daxil olmasını da alqışlayıblar. Yeri gəlmişkən, dünən Misirin “Rəfah” məntəqəsindən Qəz­zaya yeni yardım karvanı yola düşüb. Lakin bu yardımların “ümmanda bir damla” olduğu göz önündədir. 

Dünən Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis İsrailə səfər edib. O, Baş nazir Binyamin Netanyahu ilə görüşərək ölkəsinin terrorun hər cür təzahürünü qınadığını vurğulayıb. Bu gün Danimarka və Fransa prezidentlə­ri Mark Rutte və Emmanuel Makronun bölgəyə səfəri planlaşdırılıb. 

Yeri gəlmişkən, Fransanın bir çox məktəblərində şagird və tələbələr ar­sında “yəhudi-müsəlman” psixoloji gərginliyin yaşandığı bildirilir. Yaxın Şərqin bir çox müsəlman ölkələrində ABŞ və İsrail səfirlikləri qarşısında eti­raz aksiyalarının sayı artır. Dünyanın iri neft birjalarında isə qiymətlər yüksəlir, enerji daşıyıcılarından asılı ölkələrdə istehlak malları bahalaşır. 

Qərb dövlətlərindən fərqli ola­raq, qardaş Türkiyə iqtidarı proble­min ədalətli həllinin yalnız “iki xalq-iki dövlət” prisipinin bərqərar olunması ilə mümkün olacağını israr edir. An­kara ilk gündən vasitəçilik etməyə ha­zır olduğunu bildirib. Təəssüf ki, bunu istəməyən qlobal güclər mövcuddur. 

Bəli, bu gün Yaxın Şərq planeti­mizin ən həssas nöqtəsidir. 1948-ci ildən yarası qaysaq bağlamayan bu münaqişə bu vaxtadək hər iki tərəfdən on minlərlə günahsız insanın həyatına son qoyub. Bu gün isə dünya, əfsus ki, bölgədə daha qanlı faciələrin şahidi olur. 

Məsaim ABDULLAYEV
XQ



Dünya