Ordumuz heç zaman indiki kimi güclü olmayıb

post-img

Bu, artıq hamının qəbul etdiyi həqiqətdir

 

Azərbaycan Prezidenti İlham Əliyevin son 20 ildə respublikamızda həyata keçir­diyi qətiyyətli siyasi fəaliyyətin, çoxistiqamətli proqramların, elmi şəkildə əsas­landırılmış layihələrin və gənc müstəqil dövlətimizin beynəlxalq aləmin əsas aktorlarından birinə çevrilməsi üçün yeritdiyi xarici siyasətin istənilən səhifəsi mükəmməl sonluqla kifayətlənmişdir. Ona görə də ölkə əhalisinin, dünyanın hər yerindəki soydaşlarımızın və beynəlxalq aləmdəki tərəfdaşlarımızın qədirbilən­liklə qeyd etdiyi “Əsrə bərabər 20 il” münasibətilə yazı hazırlamaq üçün mövzu qəhətliyi ola bilməz. 

Ancaq mən bu mövzulu ilk yazıda ordu quruculuğunda əldə etdiyimiz na­iliyyətləri (təbii ki, ordumuzun uğurları başqa yazının mövzusu olacaq) xatır­latmaq istəyirəm. Çünki bu 20 illik gün­lərində işğalçı ölkənin köhnə generalla­rından birinə cavab vermək istəyirəm. Doğrudur, 9-10 il əvvəl də bu məzmun­da həmin sarsağa cavab verməyə çalış­mışdım. O zaman yazmışdım ki, “cücəni payızda sayarlar”. İndi isə cücəyə dön­müş o generaldan soruşmaq istəyirəm ki, ay Matevosyan, müharibə ilə teatr səhnəsinin fərqini anladınmı? 

Söhbət ondan gedir ki, Rusiyadakı erməni diasporunun təmsilçiləri ilə gö­rüşən Ermənistan ordusunun generalı Qrant Matevosyan Azərbaycan Silahlı Qüvvələrini ələ salmaq, aşağılamaq məqsədilə demişdi ki, müharibə teatr tamaşası deyil ki, yaxşı aktyorlar yetiş­dirərək mükəmməl səhnə əsərinə nail olasan. Müharibə sənəti elə bir sənətdir ki, azərbaycanlılar onu bizim kimi bil­məzlər. 

... O zaman hələ Aprel döyüşləri də olmamışdı, bir güllə belə atmadan düş­mən əsarətindən min hektarlarla ərazi­mizi azad etdiyimiz Günnüt əməliyyatı da, Tovuz döyüşləri də, erməni general­larının gizlənmək üçün siçan deşiyi ax­tardığı, baş nazir Nikol Paşinyanın hə­min deşiklərin hansındasa kapitulyasiya aktını imzalamasına səbəb olan İkinci Qarabağ müharibəsi də, lokal antiterror əməliyyatları da. 

Fikrimizcə, həmin faktlardan ikisini – Aprel döyüşlərini və Günnüt əməliyya­tını xüsusilə yada salmaq zərurəti var. Çünki həmin iki fakt düşmən üzərindəki şanlı Zəfərimizə gedən yolun başlanğıcı olsa da, o qədər də tez-tez xatırladılmır. 

Belə ki, ordumuz düşmənə öz yerini göstərmək iqtidarında olandan sonra – 2016-cı ilin aprel ayında dünya erməni­liyinə sarsıdıcı zərbə vurmuşdu. Aprelin 2-də Ermənistan ordusunun təxribatla­rına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşmə­ni ağır məğlubiyyətə uğradaraq, Füzu­li, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin min­lərlə hektar ərazi Azərbaycan Ordusu­nun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşat­dı.

Bundan başqa, Azərbaycan Ordusu­nun mühüm uğurlarından olan Günnüt əməliyyatı zamanı Aprel döyüşlərindən iki il sonra — 2018-ci ilin mayında baş vermiş və Naxçıvan Muxtar Respublika­sının 11 min hektardan artıq ərazisi, elə­cə də, Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhə­di boyunca əlverişli mövqelər Azərbay­can Ordusunun nəzarəti altına keçmiş­di. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəti­cələnmiş, qarşıya qoyulan məqsədə nail olunmuşdu.

İnanırıq ki, bütün bunlardan sonra Qrant Matevosyan kimi “teatr general­ları” Cənubi Qafqazda hansı ordunun nəyə qadir olduğunu anlamış olarlar. Anlamayıblarsa, öyrənmək heç zaman gec deyil. 

İndi isə Azərbaycan Ordusunun gücünü anlamış erməninin – o, gene­ral yox, Paşinyan iqtidarına müxalifət­də dayanan alim, ziyalıdır –fikirlərinə nəzər salaq. İkinci Qarabağ müharibə­sinin məlum nəticələrindən sonra Fa­cebookdakı “Ermenihaber” səhifəsində Nikol Paşinyanı “yıxıb-sürüyən” həmin alim yazırdı ki, İlham Əliyev Ermənis­tan ərazisində hansı avtomobilin ha­yana getdiyini öyrənmək üçün kosmo­sa rabitə peyki adı ilə kəşfiyyat peyki göndərəndə, ordusunu dünyanın ən müasir silahları ilə təchiz etmək üçün milyardlar sərf edəndə, ölkədə silah istehsalına başlayanda, hərbçilərinin NATO təcrübəsi əsasında hazırlanma­sını təmin edəndə, ölkəsinin dost və müttəfiqlərini hər il, hər ay artıranda Ermənistanın rəhbərləri nə ilə məşğul olmuşdular? Həmin illərdə bizimkilər Ermənistan dövlətinin sərvətlərini və diasporun ianələrini bölüşdürmək üçün bir-birinə tələ qururdular. Ona görə də 44 günlük müharibənin nəticəsi heç kəs üçün gözlənilməz deyil. 

Fikrimcə, Azərbaycan Prezidentinin son 20 ildəki siyasi fəaliyyətinin qiymət­ləndirilməsi prosesində bu “abırlı er­məni”nin fikirləri də maraq doğurmaya bilməz. Yeri gəlmişkən, rus müəlliflərin­dən hansınınsa İkinci dünya müharibəsi haqqında olan yazısında Böyük Britani­yanın Baş naziri olmuş Uinston Çörçillə istinadən xatırlanan belə bir fikir var idi: “Dostlarımızın və müttəfiqlərimizin mü­lahizələri bizi qane etməməlidir. Odur ki, rəqiblərin bizim haqqımızda düşüncələ­rini də öyrənməliyik.” O baxımdan ermə­ni alimin düşüncələrinin xatırlanması da təqdirəlayiqdir. 

O ki qaldı, Azərbaycanda ordu qu­ruculuğunun səviyyəsinə, yada salaq ki, ABŞ-ın “Global Firepower” saytının apardığı araşdırmadan sonra 2023-cü ilin ən güclü ordularının siyahısında – şirkət hərbi hissələrin sayı, maliyyə və­ziyyəti, maddi-texniki təminat, hərəkət­lilik və coğrafi mövqe kimi ölkələrin bir çox xüsusiyyətlərinə əsaslanır – Azər­baycan 57-ci, Türkiyə 11-ci, Ermənistan isə 94-cü sırada yer tutub. Xatırladaq ki, bu reytinq göstəricisi yanvarda paylanıl­mışdı. 

Yəni 25-30 il əvvəl bir qrup terrorçu, təxribatçı, başkəsən, vəhşi erməninin cavabını verə bilməyən Azərbaycan Ordusu qısa müddətdə dünyanın 200 ölkəsi arasında 57-ci yeri tutub. Bu, kiçik göstərici deyil. Azərbaycan Ordusu ona görə belə sürətli inkişaf edib ki, ölkəmi­zin dövlət büdcəsində Silahlı Qüvvələrə ayrılan vəsait birinci yerdə qərarlaşıb. Bu, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə, güclü hərbi-sə­naye kompleksinin yaradılmasına təkan verib. Prezidentin müəyyən etdiyi düs­tura uyğun olaraq, Vətən müharibəsin­də Azərbaycanın güclü ordu modeli bir sistem olaraq qalib gəlib.

Dövlət başçımız ötən dövrdə qoşun birləşmələrinin döyüş hazırlığının müa­sir standartlar səviyyəsinə çatdırılması üçün lazım olan bütün addımları atıb. Əməliyyat işləri, idarəetmə təkmilləşdiri­lib, Türkiyə Ordusu ilə birlikdə keçirilən təlimlərdən əlavə, NATO ilə bağlanmış müqavilələr çərçivəsində də təkmilləşdi­rilmələr aparılıb. 

Ekspertlər yazırlar ki, Azərbaycan Si­lahlı Qüvvələrinin maddi-texniki bazası bütün istiqamətlərdə möhkəmləndirilib, yeni silah sistemləri alınaraq istifadəyə verilib. Bundan başqa, Azərbaycan döv­ləti özünün güclü müdafiə sənayesini yaradıb, ölkədə müasir silahların isteh­salına başlanılıb. 

Bütün bunların nəticəsi olaraq, biz iki əsr gözləməli olduğumuz tarixi fakta – Cənubi Qafqaza göndərilmiş ermənilə­rin fitnə-fəsad torunun dağıdılmasına və onarın yaratdıqları çoxsaylı miflərin ifşasına nail olduq. İş o yerə çatdı ki, Azərbaycan Ordusunun ermənilərdə yaratdığı xof nəticəsində biz otuz il işğal altında qalan üç rayonumuzu bir güllə atmadan belə azad etdik. Ermənilərin xahiş-minnətlərindən sonra bütün hərbi əməliyyatların tam dayandırılması barə­də imzalanan bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın ra­yonları Azərbaycana təhvil verildi.

Onu da əlavə edək ki, 2020-ci il dekabrın 10-da Azərbaycan Preziden­ti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Ba­kıda keçirilən möhtəşəm Zəfər paradı bizim ordu quruculuğumuzun zirvəsi idi. Həmin gün Azərbaycan Silahlı Qü­vvələrinin malik olduğu müasir silah və texnikalarla yanaşı, düşmənin döyüş meydanında məhv edilən və ya qənimət kimi ələ keçirilən silah-sursat və hərbi texnikaları da nümayiş olunmuşdu.

Sonda xatırladaq ki, bu il iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüv­vələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi his­sələrinin birinə Döyüş bayrağını təqdim edərkən, işğalçı dövlətə olduqca konk­ret mesaj göndərmişdi: “Biz son iki il ya­rım ərzində Ordumuzu böyük dərəcədə gücləndirmişik. Əgər bütün bu amilləri Ermənistan və onun arxasında daya­nan xarici qohumları başa düşmürlərsə, onda günah onların boynundadır”.

Başa düşmədilər və ona görə də 19-20 sentyabr əməliyyatlarına zərurət ya­randı. İndi həmin anlamazların bəziləri Bakıdakı məlum ünvanda “çay içir”, bə­ziləri beynəlxalq aləmdən kömək dilənir, bir çoxu isə səhər-axşam, gecə-gündüz “Vaxtında Azərbaycanın çağırışlarına müsbət cavab versəydik, bu hala düş­məzdik” – peşmançılığını təkrarlamaqla təsəlli tapırlar. 

İndi artıq rəqib düşərgədəkilərin ha­mısının anladığı bir həqiqət var: “Azər­baycan Ordusu heç zaman olmadığı səviyyədə güclüdür!”.

 

İttifaq MİRZƏBƏYLİ
XQ

Siyasət