Fransa – Ermənistan hərbi əməkdaşlığı və “Yaşma” xofu

post-img

Suren Papikyanın Paris səfərinə sözardı 

Əslində gözlənilən idi. Söhbət Ermə­nistanın müdafiə naziri Suren Pa­pikyanın Fransaya səfərindən gedir. Ona görə gözlənilən idi ki, Fransanın müdafiə naziri Sebastyan Lekornyu onu bir müddət əvvəl ölkəsinə dəvət etmişdi. Belə görünür ki, Paris İrəva­na əməli dəstək göstərməkdə israr­lıdır. Deməli, Cənubi Qafqazda duru­mu gərginləşdirməkdə maraqlıdır. Hərçənd buna nə maraq, nə də israr demək mümkündür. Fransa özünün bölgə ilə bağlı avantürası naminə Ermənistana rahatlıq vermir. 

Fransanın Ermənistana hazırkı hər­bi dəstəyinin ilk simptomları özünü ölkə­nin xarici işlər naziri Ketrin Kolonnanın bir müddət əvvəl İrəvana etdiyi səfər zamanı göstərmişdi. Həmin vaxt K.Ko­lonna keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Fransa Ermənistanın təh­lükəsizliyinin qorunmasına ciddi önəm verir və ona hərbi yardım göstərəcək. S.Papikyanın da Parisə yollanmasının səbəbi elə budur. Ekspertlər səfərdən sonra daha konkret addımların atılacağı qənaətindədirlər. 

Onu da vurğulayaq ki, Fransanın Ermənistana dəstəyi hər zaman olub. Siyasi anlamdakı dəstək əvvəl də tam gücündə idi, indi də hər hansı dəyişik­lik yoxdur. Lakin erməni ictimai rəyində belə bir fikir formalaşıb ki, sözdə dəstək­lərin heç bir önəmi yoxdur, əksinə ziyanı var. Bunu söyləyənlər Parisin hərəkətlə­rinin İrəvanı illüziya bataqlığına sürük­lədiyi məntiqinə söykənirlər. Təxminən belə: İrəvan boş sözlərə arxalanıb re­allıq hissini itirir, mənasız məsələlər gündəmə gətirir, təxribatlara əl atır, nəti­cədə Azərbaycan hərəkətə keçir və Er­mənistan zərər görür.

Bir müddət əvvələdək belə fikir var idi ki, NATO üzvü olan Fransa Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv Er­mənistana hərbi yardım göstərə bilməz. Yəni, bunu Fransadakı si­yasi dairələr vurğulayırdılar. Çox güman ki, məqsəd İrəvanı KT­MT-dən uzaqlaşdırmaq idi. Lakin zaman göstərdi ki, anti-Rusiya və anti-KTMT ritorikasına köklən­məsinə və mövcud istiqamətdə siyasi etikadan kənar ən ağlasığ­maz gedişlərə əl atmasına bax­mayaraq, baş nazir Nikol Paşin­yan administrasiyası Moskvanın hakim rol oynadığı hərbi blokdan çıxacağını açıq şəkildə bildirmə­yib. Nikol, sadəcə, KTMT-nin öz əməlləri ilə Ermənistanı tərk etdi­yini vurğulayıb. Elə fon yaradıb ki, sanki ölkəsində belə bir təşkilata ehtiyac yoxdur. Belə bir qənaətə gəlirik ki, Paşinyan Fransanın təhrikinə ehtiyatla yanaşır. Əlbət­tə, buna ehtiyat demək mümkün­dürsə...

Görünür, Paris ehtiyatlılığı başa düşür. Yəni, Ermənistanın KTMT-dən çıxmasına dair sərt direktivlər ortaya qoymur. Çox güman ki, Fransada İrəvana qu­rumda qalmaq şərtilə də yardımın mümkünlüyünü düşünürlər. Digər yandan, KTMT-də qalmaq müəy­yən mənada sığortadır. Ən azın­dan Rusiyanın Ermənistana açıq hərbi müdaxiləsi mümkünsüzdür. Paşinyanın bəzi məqamlarda Kremlə münasibətdə əndazəni aşmasının səbəbi də çox güman ki, elə budur. 

Hazırda Fransanın Ermənis­tanı NATO sistemində olmayan fransız silahları ilə təchiz edəcə­yi bildirilir. Şübhəsiz, Papikyan S.Lekornyu ilə məsələnin detal­larının müzakirəsini aparıb. Elə Kolonnanın bir neçə həftə əvvəl bildirdiklərindən hasil olan da bu idi. Amma demək olmaz ki, Ermə­nistana NATO istifadəsində olma­yan silahlar verilməyəcək. Necə deyərlər, gecə qara-cücə qara... 

Hər halda, söhbət NATO ölkə­si olan Fransanın Ermənistana, belə demək mümkünsə, müqa­viləli hərbi dəstəyindən gedəcək. Belədə alyansın özünün paradiq­maları pozulmuş duruma gələ­cək ki, əslində, Qərb məsələyə çox da önəm vermir. Nəhayət, NATO-nun timsalında, bütövlük­də, Qərbin özünün anti-Rusiya köklənişi var. Əlbəttə, hədəf Er­mənistanı Azərbaycana qarşı si­lahlandırmaqdırsa, Fransa başda olmaqla ermənipərəstlər Bakı­nın, guya, Rusiyameyilli olması təsəvvürünü də beynəlxalq icti­mai rəyə sırımaqdadırlar. Deməli, Paris əsaslandıra bilər ki, İrəvana dəstəyi yalnız Bakıya qarşı deyil, böyük hədəfdə Moskva var. Elə əsaslandırır da və bununla lokal Ermənistan marağına qlobal libas biçməyə çalışır. Əlbəttə, qlobal məram Rusiyanı Cənubi Qafqaz­dan tamamilə sıxışdırmaqdır. Bunu tərəfdaşlarının yanında qabartmaq Fransaya imkan verir ki, öz missiyasını aktuallaşdırsın və beynəlxalq ictimai rəyə böyük işlə məşğul olduğu mesajını ver­sin. Belə bir mesaj ona hava-su kimi lazımdır. Çünki hazırda rəs­mi Parisi sayan yoxdur. Onun hansısa formada özünütəsdiqə ehtiyacı var və bunun üçün Cə­nubi Qafqaz platforması çox cəl­bedicidir. Təbii ki, bu platorma, eyni zamanda, təhlükəlidir. Ancaq avantüristlər həmin təhlükəni gör­məzdən gəlirlər...

***

Onu da bildirək ki, Fransa­nın Ermənistana hərbi dəstək məsələsi yalnız indinin söhbəti deyil. Məlum olduğu kimi, Pa­risin İrəvandakı ali diplomatik nümayəndəliyində, yəni Fransa səfirliyində hərbi missiya yaradı­lıb, attaşe təyin edilib. K.Kolonna hələ aprel ayında bildirmişdi ki, bu addım ölkəsi ilə Ermənistan arasında münasibətləri daha da dərinləşdirəcək. Həmin vaxt Fransanın nüfuzlu “İntelligence online” nəşri yazmışdı ki, Paris İrəvana daimi silah ixracı siste­minin qurulması üçün hazırlıqlar görməyə başlayıb. Yeri gəlmiş­kən, apreldə Fransanın Silahlan­dırma üzrə Baş Direktorluğunun nümayəndə heyəti Ermənistanda səfərdə olmuşdu. “İntelligence online” isə Ermənistanın 2022-ci ildə istefa vermiş prezidenti Ar­men Sarkisyanın Fransa hərbi sanayəsinin əsas kommersiya agenti sayılmasından da söz aç­mışdı. Məlum olduğu kimi, Sar­kisyan “Thales”, “Areva”, “Alstom” kimi hərbi şirkətlərin maraqlarını təmsil edirdi. 

O da məlumdur ki, Ermə­nistanın Fransadan silah almaq üçün yetərincə vəsaiti yoxdur. Yəni, Paris-İrəvan hərbi əmək­daşlığında məqsəd heç də bi­rincinin vəsait qazanması deyil. Əgər söhbət gəlir əldə etməkdən getsəydi, Fransa Azərbaycana silah satardı. Amma bunu etmir. Fikrimizin təsdiqi üçün 2019-cu ili yada salaq. Həmin vaxt rəs­mi Paris ölkəmizlə imzalanmalı olan 350 milyon dəyərində hər­bi-texniki əməkdaşlıq haqqında müqavilədən imtina etdi. Ermə­nistanda səfərdə olan Fransa prezidenti Emmanuel Makron Azərbaycana gəlməkdən daşın­dı və bu, həm də sözügedən sa­zişin ləğvi idi... 

Fransa ATƏT-in artıq canını tapşırmış Minsk qrupunun həm­sədri olmuşdu. Bunu düşünərək daha əvvəlki dövrə nəzər salaq. Görürük ki, Paris 2014-cü ildə də işğalçı Ermənistanla hərbi sahə­də işbirliyi gerçəkləşdirmişdi. O zaman aparılmış ikitərəfli danı­şıqlarda ölkələr arasında hərbi müdafiə sahəsində əməkdaşlıq planı imzalanmışdı. Oxşar sənəd 2010-cu ildə həmin vaxt Ermə­nistanın müdafiə naziri postunu tutmuş Seyran Ohanyanın Fran­saya səfəri zamanı da ərsəyə gəlmişdi. 

***

Əvvəldə də bildirdik ki, Fransa Ermənistanı illüziya bataqlığına sürükləyir. Bunu siyasi dəstəklə edirdi, indi isə daha təsirli va­sitəyə – hərbi yola əl atır. Ancaq məlumdur ki, Fransanın hərbi sis­temi bir o qədər mükəmməl deyil. Yəni, Paris siyasət səhnəsində olduğu kimi, hərbi müstəvidə də müasir dövrün tələblərindən uzaqdır. Deməli, Ermənistanın sərəncamında olan keyfiyyətsiz Rusiya silah-sursatlarını heç də daha mükəmməl Fransa silah­larının əvəzləyəcəyini söyləmək mümkünsüzdür. 

Digər tərəfdən, silah heç də tam mənada həlledici deyil. Əsas məsələ ondan istifadədir. Azər­baycanda illərlə müasir silahlar­la davranmaq vərdişlərinə malik yetkin hərbçi nəsli formalaşıb. Ermənistanda isə belə bir du­rum istisnadır. Yəni, başqa tərz­də desək, fransızlar ermənilərə müasir silah versələr də, onların canlarından “Yaşma” qorxusunu çıxarmaları mümkünsüzdür. Bu­nun üçün illər lazımdır. Nəticə etibarilə Fransanın verdiyi illüziya motivinin vəziyyəti Ermənistan üçün daha da dərinləşdirəcəyini söyləmək mümkündür. İllüziyanın dərinləşməsi isə ölkənin gələcək mövcudiyyətini şübhə altına qoy­maq üçün əsasları aktuallaşdırır. Nəzərə alsaq ki, müasir Ermə­nistan Respublikası əzəli Azər­baycan torpaqlarında yaranıb, o əsasların olduğunu da vurğulaya bilərik.

 

Ə.RÜSTƏMOV
XQ



Siyasət