Oktyabrın 23-də İstanbulda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının “Xəbər agentliklərinin dezinformasiya ilə mübarizə sahəsində əməkdaşlığı” mövzusunda konfransı keçirilib.
Tədbirdə çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev “Dezinformasiya ilə mübarizədə xəbər agentlikləri üçün əməkdaşlıq sahələri” mövzusunda panel iclasında çıxış edib. O bildirib ki, dezinformasiya, feyk xəbər silahdır və onu yaradanların məqsədi də bu silahı cəmiyyətə qarşı çevirməkdir. Bunun kökündə isə şəxsi maraqlar dayanır. Dezinformasiyaya və feyk xəbərə müasir dövrümüzdə artan diqqətin sosial medianın və mesencerlərin bumu ilə bağlı olduğunu vurğulayan sədr diqqətə çatdırıb ki, Azərbaycan dezinformasiyaya ən çox məruz qalan ölkələrdən biridir.
Vüqar Əliyev təklif edib ki, OANA-nın veb-saytında feyk xəbərlərlə bağlı rubrika açılsın və hər bir agentlik üzə çıxardığı yalan informasiyanı orada yerləşdirsin. İdarə Heyətinin onu da sədri vurğulayıb ki, əməkdaşlıq və təcrübə mübadiləsi hər birimizin maraqlarına xidmət edir. Ona görə də OANA çərçivəsində təcrübə mübadiləsi proqramlarına da yer ayırmaq lazımdır. Vüqar Əliyev bu kontekstdə AZƏRTAC-ın Anadolu və TASS agentlikləri ilə informasiya və kadr mübadiləsi istiqamətindəki əməkdaşlığını nümunə gətirib.

