Türk dünyası ölkələri arasında səhiyyə, müdafiə, təhsil və energetika da daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlıq ardıcıl şəkildə inkişaf etdirilir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 9-cu Dünya Türk Tibb Konqresinin və Əziz Sancar Mükafat Mərasiminin iştirakçılarına videomüraciətində deyib.Məlumatı “Anadolu” verib.
Dövlət başçısı qeyd edib ki, Ankara Türk Dövlətləri Təşkilatı çərçivəsində bütün addımlara böyük önəm verir: “Türkiyə türk ölkələrindəki qardaşlarımızın fevral zəlzələlərindən sonra türk xalqı ilə göstərdiyi həmrəyliyi hər zaman xatırlayacaq. Əminəm ki, qardaşlıq ruhunu qoruyub saxlamaqla biz daha böyük uğurlara imza atacağıq”.
Prezident Ərdoğan 9-cu dəfə keçirilən Dünya Türk Tibb Konqresinin türk dünyası ölkələri arasında səhiyyə sahəsində əməkdaşlıq potensialının hərtərəfli genişləndirilməsində son dərəcə mühüm rol oynadığını vurğulayıb.
O, həmçinin süni intellekt texnologiyalarının tibb sahəsində tətbiqinin vacibliyini qeyd edib: “Süni intellekt texnologiyalarının qlobal bazarı durmadan artır. 2030-cu ilə qədər 1,5 trilyon dollara çatacağı gözlənilən süni intellekt həyatımızın hər sahəsinə təsir edəcək. Şübhəsiz ki, səhiyyədə süni intellekt mövzusunda təqdimatlar və müzakirələr bu sahədə məlumatlığımızın artmasına öz töhfəsini verir. Bu istiqamətdə göstərdiyiniz səylərə görə hər birinizə minnətdarlığımı bildirirəm”, - deyə siyasətçi bildirib.
Rəcəb Tayyib Ərdoğan görkəmli türk alimi, Nobel mükafatı laureatı Əziz Sancarın adını daşıyan mükafatları alanları da təbrik edib.
Dövlətimizin başçısı Dünya Türk Tibb Konqresinin işində uğurlar arzuladı.
P.ƏMİRCANOV
XQ