Putin Orbanla görüşüb

post-img

Rusiya Prezidenti Vladimir Putin Pekində Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb. Bu barədə “İzvestiya”nın müxbiri Viktor Sineok məlumat verib.

“İndiki geosiyasi şəraitdə təmasları saxlamaq və münasibətləri inkişaf etdirmək imkanlarının çox məhdud olmasına baxmayaraq, bir çox Avropa ölkələri ilə əlaqələrimizin qorunub saxlanılması və inkişaf etdirilməsi məmnunluq doğurmaya bilməz. Bu ölkələrdən biri də Macarıstandır”, - Putin bildirib.

Rusiya liderinin sözlərinə görə, iki dövlət arasında münasibətlər uzun illərdir ki, bir-birinin maraqları əsasında qurulub. Bu, bir çox sahələrə, ilk növbədə iqtisadiyyata aiddir.

“Keçən il biz ticarət-iqtisadi əməkdaşlıqda əhəmiyyətli artım əldə etdik – 80 faizdən çox. Təəssüf ki, bu ilin ilk 7 ayında mənfi 35 faiz azalmanın şahidi olduq”, - Rusiya prezidenti qeyd edib.

Putin vurğulayıb ki, ticarət dövriyyəsi göstəricilərinin artırılması üçün əlavə tədbirləri müzakirə etmək lazımdır. O əlavə edib ki, Macarıstanla ikitərəfli münasibətlər, dünyada və Avropadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparmaq imkanının olması çox vacibdir.

 

P.ƏMİRCANOV

XQ

Dünya