“Böyük çay yolu” dirçəldilir

post-img

Rusiya, Çin və Monqolustan “Böyük çay yolu” turizm marşrutunun dirçəldilməsi haqqında müqavilə imzalayıblar. Layihəyə Zabaykalyedən Sankt-Peterburqa qədər 18 Rusiya regionu qoşulacaq. Məlumatı RF İqtisadi İnkişaf Nazirliyinə istinadən “İnterfaks.ru” verib.

Nazirlikdən bildirilib ki, marşrutun coğrafiyası XVIII əsrdə çay ixracı üçün yaradılmış Çindən, Monqolustandan, Sibirdən, Uraldan keçərək Moskva və Sankt-Peterburqa çatan ticarət yolunu təkrarlayır. Bu yolun inkişafı ilə bağlı müqaviləni Çinin Uxan şəhərində RF iqtisadi inkişaf nazirinin müavini Dmitri Vaxrukov, Çinin mədəniyyət və turizm nazirinin müavini Du Tszyan və Monqolustanın ətraf mühit və turizm nazirinin müavini Myaqmarjar Qanbaatar imzalayıblar.  

“Böyük çay yolu” layihəsi çərçivəsində səyahət və təhsil turizmi sahələrinin inkişaf etdirilməsi nəzərdə tutulur. Marşrut üzrə muzeylər, çay ticarəti üzrə eksponatlar, mehmanxanalar, istirahət və əyləncə yerləri, SPA salonları, ticarət müəssisələri və restoranlar nümayiş etdiriləcək. 

Paşa ƏMİRCANOV

XQ

Dünya