Bristol Universitetinin alimləri kompüter modelləşdirmənin köməyi ilə Günəşin genişlənərək Yer kürəsini məhv edəcəyi dövrü müəyyənləşdiriblər.
Onların hesablamalarına görə, beş milyard ildən sonra Günəş Merkuri və Venera planetlərini “udacaq” və onun xarici konturları Yerin orbitinə yaxınlaşacaq. Amma alimlər bizim planetimizdə həyatın bundan xeyli əvvəl məhv olacağını qeyd ediblər. Bunu şərtləndirən əsas amil kimi yaxın milyard ildə Günəşdə parlaqlığın 10 faiz artması göstərilir. Məhz bunun nəticəsində Yer dənizlərdən, çaylardan, meşələrdən məhrum olaraq yanan kürəyə dönəcək.
Mütəxəssislər planetin şüurlu ikiayaqlı sakinlərinin isə 250 milyon ildən sonra, Günəşdə hərarət 2,5 faiz artandan sonra yoxa çıxacağını dəqiqləşdiriblər. Onların gəldiyi nəticəyə görə, həmin dövrdə quruda yayın orta hərarəti indiki müsbət 15 dərəcədən 46 dərəcəyə qədər yüksələcək. Bu isə suda və quruda yaşayanların kökünün Yer üzündən silinməsi demək olacaq.
SEVDA
XQ