Fransada nümayişin şüarı – “Qaçqınlar çox deyil, irqçilik çoxdur”

post-img

Fransada irqçilik və polis zorakılığına qarşı nümayiş keçirilib. Ayrı-ayrı şəhərlərdə həmkarlar ittifaqları və siyasi partiyalar da daxil olmaqla 100-dən çox qurumun çağırışı ilə nümayişlər təşkil edilib.

Paytaxt Parisdə minlərlə adamın yürüş etdiyi nümayişə “Sarı jiletlilər”, Boyun Əyməyən Fransa (LFİ) partiyasından Raçel Keke və 2016-cı ildə jandarm maşını ilə ölən Adama Traorenin bacısı Assa da qatılıb. Nümayişçilər polis zorakılığına və irqçiliyə son qoymağa çağırıb, həmçinin ictimai azadlıqların qorunmasını tələb ediblər.   Etirazçılar faşizm və polis əleyhinə şüarlar səsləndiriblər.

Nümayişçilər əllərində "Qaçqınlar, müsəlmanlar, qaraçılar və qeydiyyatı olmayanlar çox deyil, çox olan irqçilikdir", "İrqçiliyə və polis zorakılığına son qoyun" şüarlı yazılı plakatlar və Fransada polisin iştirakı ilə baş verən hadisələrdə həyatını itirən vətəndaşların şəkillərini qaldırıblar. Onlar bu etiraz yürüşü ilə polisin respublikanın xidmətində olmasını və əhaliyə qarşı hərəkət etməməsini tələb ediblər.

Xatırladaq ki, iyunun 27-də 17 yaşlı Nahelin polis məmuru tərəfindən öldürülməsindən sonra etiraz yürüşü çağırışı bir sıra siyasi partiya, həmkarlar ittifaqı və hərəkatlar tərəfindən irəli sürülüb.

Etiraz nümayişləri ilə əlaqədar Fransanın daxili işlər naziri Cerald Darmanen nümayişçilərə qarşı ayıq-sayıq olmağa çağırıb. Paris prefekti Laurent Nunez bildirib ki, “polis öldürür” və ya “polis hər yerdə, ədalət heç yerdə” kimi şüarlara qarşı yumşaq davranmayacaqlar.

Paytaxda etiraz nümayişi ilə əlaqədar 1000 polis əməkdaşının səfərbər olunduğu bildirilir.

Anar ƏLİ
XQ

Dünya