Markov: Bir neçə gündən sonra Bakı bütün Qarabağı tam nəzarətə götürəcək

post-img

Türkiyənin “Anadolu” agentliyinin saytında Siyasi Araşdırmalar İnstitutunun direktoru, Rusiya prezidentinin keçmiş etibarlı adamı Sergey Markovun müsahibə dərc olunub. 

Rusiyalı politoloqun fikrincə, Ermənistan rəhbərliyi qeyri-real variant uğrunda mübarizə aparır, ona görə İrəvan de-yure Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, lakin de-fakto regionun erməni icması “muxtariyyəti” saxlamağa çalışır. 

Politoloq qeyd edib ki, Azərbaycan Ermənistandan qat-qat güclüdür. Ermənistanın Fransa kimi müttəfiqləri, sadəcə, adda müttəfiqdirlər, hətta bu sözlər bəzən qətnamə şəklini alsa belə. Lakin Paris İrəvana hərbi dəstək verməyəcək.

Sergey Markov Azərbaycan ərazisində yerləşdirilən sülhməramlılardan da söz açaraq bildirib ki, təxminən iki il yarımdan sonra Qarabağda Rusiyanın sülhməramlı missiyasının yerləşdirilməsi ilə bağlı Üçtərəfli Bəyanatın bəndi başa çatacaq və kontingent bölgəni tərk edəcək: “Azərbaycan Prezidenti sülhməramlı missiyanın qalma müddətini uzatmayacaq, çünki Ermənistan Üçtərəfli Bəyanatın şərtlərinə əməl etmir”.

Markovun fikrincə, Ermənistan rəhbərliyinin Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün özündə güc tapması ideal olardı. 

Siyasi Araşdırmalar İnstitutunun direktoru qeyd edib ki, digər tərəfdən, İrəvan KTMT-dən çıxmağa, Rusiya ilə münasibətləri pozmağa, hətta NATO ilə öz ərazisində alyans qoşunlarının və ABŞ hərbi bazasının yerləşdirilməsi ilə bağlı saziş imzalamağı özündə ehtiva edən “erməni radikal ssenarisini” həyata keçirməyə cəhd edə bilər: “Bu variant indi qeyri-mümkün görünür, lakin, məncə, Ermənistan rəhbərliyi bunu nəzərdən keçirir, çünki onlar yalnız başqasının öz maraqları uğrunda mübarizə aparmasını xəyal edirlər. Rusiya Ermənistanın maraqları uğrunda döyüşə rus ordusunu göndərməkdən imtina etdiyi üçün indi ermənilər bunu bacaranları axtarırlar”.

Ekspert onu da qeyd edib ki, radikal erməni ssenarisi o zaman reallaşa bilər ki, bütün vəziyyət uzansın və Ermənistanın bunu həyata keçirməyə vaxtı olsun.

“Ancaq hesab edirəm ki, Azərbaycan Ermənistanın bu istiqamətdə hər hansı addım atdığını görsə, ona vaxt verməyəcək. Bu, yalnız İrəvanın atəşkəs razılaşmalarını pozması səbəbindən Azərbaycan qoşunlarının Qarabağın bütün ərazisinə sürətlə daxil olmasına gətirib çıxaracaq. Güclü döyüş ola bilər. Amma prinsipcə, bir neçə günlük gərgin döyüşlərdən sonra Azərbaycan Qarabağın bütün ərazisini tam nəzarətə götürəcək”, - deyə S.Markov yekunlaşdırıb.

Rizvan FİKRƏTOGLU

Dünya