Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutunyan Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, Rusiya tərəfi son vaxtlar Ermənistan rəsmi dairələrində və siyasi elitasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük və ikitərəfli müttəfiqlik əlaqələrinin davam etdirilməsi ilə bağlı, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair 2020-2022-ci illərdə Moskva, Bakı və İrəvan tərəfindən imzalanmış sazişlərin həyata keçirilməsinə müəyyən şübhələrin olduğunu qeydə alıb.
Məlumatda deyilir ki, bu fonda Ermənistan rəhbərliyi bir sıra tədbirlər, o cümlədən Roma statusunun ratifikasiya edilməsi, baş nazirin arvadı Anna Akopyanın Kiyevə səfər etməsi və humanitar yardım aparması, Ermənistan ərazisində ABŞ-ın iştirakı ilə hərbi təlimlər keçirilməsi kimi qeyri-dost tədbirlər həyata keçirir.
Bununla əlaqədar, Rusiya XİN Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutunyanı xarici siyasət idarəsinə çağıraraq kəskin etiraz edib və ona nota verib.
Notada Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiya XİN-in rəsmi nümayəndəsi, informasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarovanın və bütövlükdə Rusiya XİN-in ünvanına təhqiredici ifadələr işlətməsinin yolverilməzliyi də əksini tapıb. Bundan əlavə, sənəddə jurnalist Gevorkyan və bloger Badalyanın saxlanılması ilə bağlı narahatlıq ifadə olunub.
Məlumatda vurğulanır ki, Rusiya və Ermənistan müttəfiq olaraq qalır və tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə yönəldilmiş bütün razılaşmalar yerinə yetiriləcək.
Rusiya XİN bunun KTMT təlimlərinin təşkili, Ermənistan-Azərbaycan münasibətlərinin nizama salınması üçün KTMT missiyasının Ermənistana göndərilməsinə də aid olduğunu diqqətə çatdırıb.