Yaponiya və Cənubi Koreya arasında ada mübahisəsi

post-img

Tokionun mübahisəli Tokto adaları barədə iddiasını bərpa etməsi Cənubi Koreyada xoş qarşılanmayıb. Bununla əlaqədar Yaponiyanın Seuldakı səfirliyinin nümayəndəsi Cənubi Koreya Xarici İşlər Nazirliyinə çağırılıb. Məlumatı “Yonhap” agentliyi yayıb.

Məlumata görə, Koreya XİN-in Asiya və Sakit okean regionu departamentinin direktoru So Min Çjon Yaponiyanın Seuldakı səfirinin müavini vəzifəsini icra edən Mondo Yamamoto ilə bu barədə müzakirə aparıb. Səfirliyin nümayəndəsinə etiraz bildirilib. Yaponiyalı diplomat hadisəyə şərh verməkdən yayınıb.

Yapon dənizinin qərbində yerləşən Tokto adaları Tokio və Seul arasında uzun müddətdir mübahisə mövzusu olaraq qalır. 1905-ci ildə Yaponiyanın ərazisinə qatılan arxipelaq II Dünya müharibəsindən sonra Tokionun nəzarətindən çıxıb. Ada hazırda Koreya Respublikasının nəzarətindədir.

Qeyd edilir ki, Yaponiya ardıcıl olaraq 19 ildir ki, adalara iddiasını irəli sürür. Ümumi sahəsi 187 min 450 kvadratmetr olan iki adada cəmi 50 nəfər məskunlaşıb.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Dünya