Avropa İttifaqı (Aİ) Rusiya aktivlərinin müsadirəsi və onların Ukraynaya verilməsi ilə bağlı razılığa gələ bilmir. Bu məsələnin həllinə hüquqi problemlər və Avropa valyutasına etimadın sarsılması mane olur. Bu barədə “The Economist” yazır.
Aİ avroya inamın azalacağından qorxduğu üçün Avropanın “Euroclear” depozitarında toplanmış Rusiya aktivlərini müsadirə etməkdən qorxur. Avropa Mərkəzi Bankının (AMB) fikrincə, Rusiya Mərkəzi Bankının aktivlərinə qarşı hər hansı addım dünyanın mərkəzi bankları tərəfindən əmanət kimi saxlanılan avropa valyutasının və dövlət istiqrazlarının etibarını sarsıda bilər. Çünki etibarın azalması ilə dünya ölkələri öz aktivlərini avroda və istiqrazlarda saxlamaqda maraqlı olmaz.
“The Economist” qeyd edib ki, Rusiya aktivlərinə sahib olan özəl şirkətlərə vəsaitləri daha yüksək gəlirli investisiyalara köçürmək və mənfəəti Aİ fonduna köçürmək təklif olunub. Lakin hüquqi risklərin yüksək olması səbəbindən bu variant nəzərdən keçirilməyib. Nəşrin məlumatına görə, birtərəfli həbs də beynəlxalq hüququn bütün normalarını pozduğu üçün rədd edilib. Məsələ ondadır ki, ölkə hüquqi toxunulmazlığa sahibdir. Ona görə də sanksiyalardan ancaq Rusiyanı fərqli hərəkətə sövq etmək üçün istifadə oluna bilər və aktivlərin müsadirəsi bu hərəkətlərdən kənara çıxır.
İyunun 21-də avstriyalı nazir Aleksandr Şallenberq bildirib ki, sanksiyalara görə dondurulmuş Rusiya aktivlərindən sui-istifadə halları istisna edilməlidir, çünki bu cür hərəkətlərə məhkəmədə etiraz etmək olar.
P. ƏFƏNDİYEV, “Xalq qəzeti”

