Ukrayna dronlardan istifadə etməklə Krımın Krasnoqvardeysk rayonunda yerləşən infrastruktur obyektlərinə hücum edib. Bu barədə yarımadanın rəhbəri Sergey Aksyonov məlumat verib. O deyib: “Fövqəladə Hallar Nazirliyi mümkün fəsadların aradan qaldırılması üçün hadisə yerindədir. Bütün müvafiq xidmətlər işləyir”.
Krım körpüsündə də vəziyyət gərginləşib, avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Körpüdə və yoxlama zonasında olan insanlar sakitliyə və nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etməyə çağırılıb.
Bu, körpü üçün hələ də təhlükənin olduğundan xəbər verir. Ukrayna tərəfi onu çox təhlükəli düşmən obyekti adlandırır, zərərsizləşdirilməsini vacib sayır. Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə “Aspen” Təhlükəsizlik Forumunda danışıb: “Krım körpüsü ukraynalı hərbçilər üçün hədəfdir. Onu zərərsizləşdirmək lazımdır, çünki işğalçılar ondan müharibə üçün istifadə edirlər. Krım körpüsü, sadəcə, “kiçik logistik yol” deyil, çünki onun köməyilə rus qoşunları sursat alır və bütün yarımadanı hərbiləşdirir. Bizim üçün bu, qanundankənar, beynəlxalq hüquq və qüvvədə olan normalardan kənar tikilmiş düşmən obyektidir. Ona görə də bizim məqsədimiz budur. Sülh deyil, müharibə gətirən istənilən məqsəd zərərsizləşdirilməlidir”.
Ukraynanın körpünü zərərsizləşdirmək üçün isə imkanları genişlənir. Onun uzaqməsafəli raketlərdən sonra, “F-16” döyüş təyyarələri almaq imkanları genişlənir. Artıq Amerika Birləşmiş Ştatları, “F-16” döyüş təyyarələrinin Kiyevə tədarükü prosesi ilə bağlı ukraynalı pilotların təlimi məsələsini mümkün qədər tez həll etməyə çalışır. ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bu barədə “Aspen” Universitetinin Kolorado ştatında davam edən təhlükəsizlik forumunda Ukrayna–Rusiya müharibəsi və xarici siyasətlə bağlı suala cavab verərkən deyib. Onun sözlərinə görə, Ukraynanın “F-16” qırıcı təyyarələrindən səmərəli istifadə etməsi üçün lazım olan təlimlərin başlaması üzrə səylər davam edir. ABŞ 2023-cü ilin sonuna qədər “F-16” qırıcılarını Ukraynaya vermək niyyətindədir.
Ceyk Sallivan ukraynalı pilotların hazırlığının nə vaxt başlayacağını deməsə də, bunun aylar deyil, həftələr ərzində həyata keçəcəyini və texniki məsələlərin artıq həll olunduğunu bildirib.
Qərb ölkələri də “F-16” qırıcılarını Kiyevə köçürə bilər, çünki əksər ölkələr indi daha müasir “F-35” modellərinə keçir.
Hadisələrin belə gərgin fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub. Onlar Qara dəniz taxıl sazişinin uzadılması məsələsini müzakirə ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin müharibənin başa çatması üçün səy göstərdiyini bildirib. Volodimir Zelenski isə Rusiyanın sazişdən çıxması səbəbindən dünyanın ərzaq böhranı ilə üzləşə biləcəyini vurğulayıb.
Xatırladaq ki, 2022-ci il iyulun 22-də İstanbulda Ukrayna taxılının, habelə Rusiyanın aqrar məhsullarının və gübrəsinin beynəlxalq bazara çatdırılması üzrə sənədlər paketi imzalanıb. 2023-cü il iyulun 17-də Rusiya sazişdən çıxdığını elan edib və Qara dəniz təşəbbüsünə yalnız razılaşmanın Rusiyaya aid hissəsi reallaşacağı halda qayıdacağını bildirib.
Ukrayna və Rusiya taxıl və digər ərzaq məhsullarının ən böyük ixracatçılarıdır. Bu ölkələrdən tədarük zəncirinin qırılması dünya bazarında ərzaq qiymətlərinin bahalaşmasına səbəb ola bilər.
P. ƏFƏNDİYEV, “Xalq qəzeti”

