Milli Mətbuat və Jurnalistika Günü tədbirləri sırasında dünyasını dəyişmiş ustad qələm sahiblərinin yad edilməsi də mediamızın qədirbilənlik ənənələrindəndir. Builki peşə bayramında Azərbaycan Mətbuat Şurasında milli jurnalistikamızda özünəməxsus dəst-xətti ilə seçilmiş, mətbu sözə məsuliyyəti ilə tanımış təcrübəli redaktor, kəsərli söz sahibi, Əməkdar mədəniyyət işçisi Şakir Yaqubovun “Yaddaşa son səyahət” kitabının təqdimat mərasimi keçirildi.
Əslində, bu toplantı 9 ay əvvəl dünyasını dəyişmiş tanınmış media xadiminin xatirəsini anma günü kimi də əlamətdar oldu. Bu günlərdə işıq üzü görmüş kitabda istedadlı jurnalistin 2017–2020-ci illərdə dərc edilmiş publisistik qeydləri toplanıb.
Mərasimi giriş sözü ilə açan AMŞ İdarə Heyətinin sədri Rəşad Məcid Azərbaycan jurnalistikasında özünəməxsus yeri və izi olan Şakir Yaqubovu belə səciyyələndirdi: “Şakir Yaqubov təpədən dırnağa jurnalist, mətbu sözün böyük cəfakeşi idi. O, istedadlı qələm sahibi, müxtəlif janrlarda yazılmış bir neçə kitabın, saysız-hesabsız qəzet məqaləsinin müəllifi olmaqla yanaşı, həm də mahir redaktor idi. Ustad redaktorun qələmi ilə ən zəif yazılar da ətə-qana doldurularaq qəzet səhifələrinə çıxmaq hüququ qazanırdı. İstedadlı jurnalistin həmkar və dostlarının təşəbbüsü ilə 2017–2020-ci illərdə dərc edilmiş publisistik qeydlərindən ibarət “Yaddaşa son səyahət” kitabı bu sənəti özünə həyat yolu seçənlər, xüsusilə, gənc jurnalistlər üçün dəyərli mənbədir. Heç də təsadüfi deyildir ki, onun yaradıcılıq çeşməsindən su içən, zəngin təcrübəsindən bəhrələnən jurnalistlər Şakir Yaqubov yetirməsi olduqları ilə fəxr edirlər”.
Şakir Yaqubovu təmsil etdiyi nəsilin sənət müəllimi və qyğıkeş dostu xatırlayan “Yaddaşa son səyahət” kitabının tərtibçi-redaktoru Elşən Əliyev mərhum müəllifin gənc yazarlara örnək sayıla biləcək publisistikasının tədqiq olunacağına ümid etdiyini bildirdi. Daha sonra tədbirə moderatorluq edən MŞ Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu mərhum sənətkarın yüksək insani keyfiyyətlərindən, onun azərbaycançılıq ideyasına sadiqliyindən, eləcə də sözə böyük məsuliyyətlə yanaşmasından ətraflı söhbət açdı, keçmiş iş yoldaşı barədə xatirələrini söylədi.
Şakir Yaqubovun yetirmələrindən Azər Qaraçənli, Müsəllim Həsənov, Süleyman Qaradağlı, Şərif Ağayar, İmran Bədirxanlı onun peşəkar qəzetçi, tələbkar redaktor, qayğıkeş pedaqoq olduğunu söylədilər. Mərhum sənətkarla “Səhər” qəzetində çiyin-çiyinə çalışmış Zemfira Ələkbərova, Svetlana Şıxəliyeva da Ş.Yaqubov haqqında ürək sözlərini söylədilər.
“Yaddaşa son səyahət” kitabının təqdimat mərasimində Şakir Yaqubovun ailə üzvləri də iştirak edirdi. Qızları Aynur və Aysel ataları ilə bağlı xatirələrini dilə gətirdilər, həmçinin tədbirin təşkilatçılarına, kitabın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıqlarını bildirdilər.
Xatırladaq ki, Şakir Yaqubov dövri mətbuatda işıq üzü görmüş çoxsaylı publisistika nümunəsinin müəllifi, bir sıra elmi əsərlərin tərcüməçisi, sənədli kitabların və elmi-kütləvi nəşrin redaktoru olub. Tanınmış jurnalistin müxtəlif janrlarda, o cümlədən idman mövzusunda yazıları ayrı-ayrı toplulara daxil edilib.
Fədakar qələm sahibi Azərbaycan Mətbuat Şurasının “Ali Media” mükafatına, “Qızıl qələm” və “Həsən bəy Zərdabi” yaradıcılıq mükafatlarına layiq görülmüş, 10-dək yaradıcılıq müsabiqəsinin qalibi olmuşdu.
İ.HƏSƏNQALA, “Xalq qəzeti”

