Zəmanənin, dövrün düşüncə tərzinin poetik aynası olan ədəbi proses bilavasitə ədəbi inkişafla bağlıdır. Bu baxımdan Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Ədəbi proses” elmi-yaradıcılıq müşavirəsinin 10 illik yubileyinə həsr olunmuş tədbirdə əvvəlcə məhz ötən 10 ildə Ədəbiyyat İnstitutunda işıq üzü görmüş əsərlərdən ibarət sərgiyə baxışın keçirilməsi təsadüfi deyildi.
Müşavirəni giriş sözü ilə açan AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli XX əsrin 70-ci illərinin sonlarında Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü Yaşar Qarayevin təşəbbüsü ilə ilk dəfə “Ədəbi proses” müşavirələrinin keçirildiyini və materiallarının çap olunduğunu vurğuladı. Bildirdi ki, “Ədəbi proses” elmi-yaradıcılıq müşavirəsi sonuncu dəfə 1984-cü ildə keçirilib. Otuz il sonra, müstəqillik dövrünün açdığı geniş imkanlar sayəsində Ədəbiyyat İnstitutunda bərpa edilən müşavirələr Sovet dövründə keçirilənlərdən fərqli olaraq müstəqillik dövrünün elmi, mədəni, ictimai fikir sahəsində yaratdığı yeniliklər və ədəbi mühitin daha geniş şəkildə prosesə cəlb olunması üçün geniş zəmin yaradıb.
İsa Həbibbəyli “Ədəbi proses” yaradıcılıq müşavirəsinin hər il özündən əvvəlki ilin ədəbi prosesini janrlar üzrə təhlil etdiyini və orada gedən dinamikanı, problemləri, çatışmazlıqları göstərməyə çalışdığını, həmçinin alimlərimizin çıxış yolları haqqında öz təklif və tövsiyələrini irəli sürdüklərini qeyd etdi.
Ötən 10 il ərzində keçirilən yaradıcılıq müşavirələrinin kitablarda, toplularda, eləcə də məqalələr şəklində ictimaiyyətə təqdim olunduğunu deyən AMEA rəhbəri dedi ki, həmin məruzələr M.F.Axundzadənin dövründən bu günə qədər Azərbaycanda geniş həcmə malik olan ən elmi-nəzəri şəkildə yazılmış mükəmməl tənqid icmallarıdır.
Akademik Azərbaycan Yazıçılar Birliyi ilə Ədəbiyyat İnstitutu arasında əlaqələrin hazırda çox yüksək səviyyədə olduğunu və bu münasibətlərin yazıçılıq mühitinə də müsbət təsir göstərdiyini vurğuladı. Son zamanlarda sosial şəbəkələrin də “Ədəbi proses”ə qoşulduğunu müşahidə etmişəm. Builki müşavirədə sosial şəbəkə ədəbiyyatından da ayrıca məruzənin dinlənilməsi planlaşdırılıb. Beləliklə, “Ədəbi proses” format olaraq elmi konfransdan ədəbi hərəkata çevrilib. Bununla bərabər, ədəbi prosesçilər ifadəsi meydana gəlib, gənclər arasında elmlər doktorları və fəlsəfə doktorları yetişib. “Ədəbi proses” müzakirələri Azərbaycan elmində yeni bir cərəyanın da yaranmasında iştirak edib. Artıq ədəbiyyatımızda neologizm, realizm, postmodernizm kimi, akademizm də müşahidə olunur. Bunun da öz yaradıcıları, təmsilçiləri vardır. Bunların sırasında İsa Həbibbəylini, Rafael Hüseynovu, Teymur Kərimlini, Hamlet İsaxanlını, Kamal Abdullanı, Məmməd Əliyevi və başqalarını qeyd etmək olar”.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar bildirdi ki, bədii yaradıcılıq – poeziya, nəsr, dramaturgiya və onların təhlili, tənqidi, araşdırılması ədəbiyyatın iki qanadıdır və bu iki qanad olmasa, ədəbiyyat quşu fəzaya qalxa bilməz, normal ədəbi proses gedə bilməz. Ədəbiyyatşünaslıq elmi ilə Azərbaycan Yazıçılar Birliyinin sıx əlaqələrinin olduğunu, akademik İsa Həbibbəylinin AMEA-ya rəhbərlik etməsindən sonra bu münasibətlərin daha da genişləndiyini deyən Anar “Ədəbi proses” müşavirəsinin yubiley tədbirinin AYB-də keçirildiyinə görə akademiyanın prezidentinə minnətdarlığını bildirib.
Müşavirədə “İlin ədəbi mənzərəsi” mövzusundə məruzə ilə çıxış edən filologiya elmləri doktoru Elnarə Akimova “Şuşa ili”ndə milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunması istiqamətində estetik bir dönəmin başlandığını vurğuladı. 2022-ci ildə ədəbiyyatla bağlı əksər işlər daha çox Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən verilən dörd sərəncamın icrasına köklənməklə gerçəkləşdi: Şuşanın 270, Xurşidbanu Natəvanın 190, Hüseyn Cavidin 140, Əhməd Cavadın 130 illiyi ilə bağlı müxtəlif humanitar instansiyalarda tədbirlər keçirildi. Ədəbi mühitin Azərbaycan ədəbiyyatına qazandırdığı dəyərlərdən söhbət açan E.Akimova ötən ilin önəmli ədəbiyyat xəbərlərini iştirakçıların diqqətinə çatdırdı. Bu gün ədəbiyyatda olanların, ziyalıların üzərinə ədəbiyyatın, sözün işığını öləziməyə qoymamaq kimi böyük missiyanın düşdüyünü qeyd etdi.
Filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı “Uşaq ədəbiyyatı” mövzusunda məruzəsində qeyd etdi ki, Ədəbiyyat İnstitutunda hər il keçirilən “Ədəbi proses” yaradıcılıq müşavirəsində uşaq ədəbiyyatı, onun ayrı-ayrı janrları haqqında xüsusi məruzələr edilir.
2017-ci ildə institutda Uşaq ədəbiyyatı şöbəsinin yaradılması yazarlarla bu sahənin tədqiqatçılarının müntəzəm ünsiyyəti tənəzzülünü yaşayan uşaq ədəbiyyatının inkişafına bir təkan verdi: “Əgər on il əvvəl biz uşaq ədəbiyyatının az sayda olan nümunələrindən danışırdıqsa, indi artıq Altun, Ting, Çıraq, Üç alma, Leylək, Tutu, Balabilgə, Libra, Qələm, Simurq, Dəyər, Mücrü, Günəş, İzə, Ağıllı bala və bu kimi çoxsaylı nəşriyyatların fəaliyyətindən bəhs edirik”.
Aygün Bağırlı 2022-ci ilin Azərbaycanda “Şuşa İli” kimi qeyd olunduğunu və uşaq ədəbiyyatının yaradıcılarının da Zəfəri yeni yaşamış xalq kimi, çoxdandır bu mövzuya təşnə kimi Qarabağ mövzusunda, qələbə mövzusunda, savaş və şəhidlik mövzusunda xeyli ədəbi-bədii nümunələr yaratdığını bildirdi. Zəfər sevinci ilə yanaşı, müharibə, onun acısı, uşaqların həyatında yaratdığı böyük boşluqların da şeirlərdə öz əksini tapdığını bildirdi: “Rafiq Yusifoğlu “Şar və balaca qız” şeirində bir şəhid övladının atasının müharibəyə getməzdən əvvəl üfləyib ona verdiyi şarı gecə-gündüz qorumasından, əlindən yerə qoymamasından bəhs edir:
Gör necə möhkəm tutub,
Bu qız şarın sapını?!
Çünki bu şar azaldır,
Körpənin əzabını...
Məruzəçi bu gün uşaq ədəbiyyatının gözəl, dəyərli nümunələrinin yalnız təsvir, tərənnüm, maarifləndirmək, estetik zövq aşılamaq xarakteri daşımadığını, eyni zamanda, milli məfkurənin, azərbaycançılıq ideologiyasının formalaşması, Vətənə, torpağa, tarixi-mənəvi bağlara dərindən bağlanmaq kimi milli-mənəvi düşüncənin inkişafına təkan verdiyini, ümumilikdə, dünyanı qorumağı təlqin etdiyini dedi.
Daha sonra AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun “Ədəbi tənqid”, filologiya üzrə fəlsəfə doktoru Azər Turanın “Poeziya”, filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubovanın “Nəsr”, filologiya üzrə fəlsəfə doktoru Aynurə Mustafayevanın “Dramaturgiya”, filologiya elmləri doktoru Vaqif Yusiflinin “Ədəbi gənclik” mövzularında məruzələri dinlənildi, ədəbiyyat nümunələrinin gözəl örnəklərindən bəhs edildi.
Sonda həyatda, cəmiyyətdə, bütövlükdə, insanın daxili dünyasında gedən rəngarəng proseslərin bədii ədəbiyyatda əks olunması üçün geniş imkanlar yaradan ədəbi prosesin ümumi inkişafa töhfələri qeyd olundu.
Leyla QURBANOVA, “Xalq qəzeti”

