Naxçıvanın Ağbulaq İstirahət Mərkəzində uşaqlar üçün təşkil edilmiş “Diabet mənim dostumdur” istirahət-sağlamlıq düşərgəsi maarifləndirici sonluqla başa çatıb. Toplantıda rəsmi şəxslərlə yanaşı, Bakı şəhərindən dəvət olunmuş həkimlər, uşaqlar və onların valideynləri iştirak edibər.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Naxçıvanda 2023-cü il ərzində səhiyyə sahəsində aparılan islahatlar öz bəhrəsini verməkdədir. Səlahiyyətli nümayəndə diabetli uşaqlara müraciət edərək deyib: “Diabet heç zaman sizin həyatınızda maneəyə çevrilməməlidir. Yaxşı oxumalısınız, dərslərinizdə hər zaman uğurlar qazanmalısınız ki, biz və valideyinləriniz də sizinlə fəxr edək”.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqdisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”ndan bəhs edən Fuad Nəcəfli bu tarixi sənəddə şəhər və rayonlarda səhiyyə xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, sağlamlığının qorunması istiqamətində həyata keçiriləcək tədbirlərin də geniş yer aldığını söyləyib.
Sonda bildirilib ki, Naxçıvanda ilk dəfə təşkil edilən düşərgə uşaqlara, onların sağlamlığına verilən dəyərin ifadəsidir və belə layihələr ardıcıl olaraq davam etdiriləcək.
“Xalq qəzeti”

