Ərdoğan bütün dünyanı Şimali Kipr Türk Cümhuriyyətini tanımağa çağırıb

post-img

Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar ilə birlikdə iştirak etdiyi Lefkoşada keçirilən 20 İyul Sülh və Azadlıq Bayramının rəsmi mərasimində çıxışında 1963-1974-cü illər dövrünün, təəssüf ki, Kipr türkləri üçün qan, göz yaşı və qırğınlar demək olduğunu, lakin türk millətinin zalımlara heç vaxt baş eymədiyini söyləyib.

Ərdoğan Türkiyənin Qarantiya müqaviləsinə əsaslanan hüquq və öhdəlikləri çərçivəsində qəhrəman mehmetciklərin adaya daxil olduğu 20 iyul 1974-cü il tarixinin Kipr türklərinin heç vaxt tək olmadığını, türk millətinin heç vaxt tabe ola bilməyəcəyini dünyaya bir daha göstərdiyini dilə gətirib. 

“20 İyul Kipr türk xalqının sülh və əmin-amanlıq həsrətinə uyğun olaraq, suveren hüquqlarının və bərabər statusunun qorunub saxlanmasının simvoludur”, - deyə Ərdoğan bildirib.

Kipr rum rəhbərliyinin törətdikləri vəhşilikləri və qətliamları bütün dünyadan gizlətməyə çalışdığını bildirən Ərdoğan deyib: "Ancaq nə etsələr də, buna nail ola bilməyəcəklər. Biz bu torpaqlarda törədilən qırğınları nə unudacağıq, nə də insanlara unutduracağıq. Dünyanın da unutdurmasına imkan verməyəcəyik". 

Kipr türklərinin suveren bərabərliyi və bərabər beynəlxalq statusu qeydə alınmadığı müddətcə yeni danışıqlar prosesinin başlanmasından söhbət gedə bilməyəcəyini qeyd edən dövlət başçısı deyib: "Şərtlər nə olursa olsun, Kipr türklərinin bərabər suverenliyini və bərabər beynəlxalq statusunu təsdiq etmək səylərimizdən geri çəkilməyəcəyik. Sizin məruz qaldığınız qeyri-qanuni, qeyri-insani təcrid və embarqonu aradan qaldırmaq məqsədilə səylərimiz qətiyyətlə davam edəcək". 

Adanın qədim və əsas ünsürü olan Kipr türklərini dünyadan ayırıb görməzlikdən gəlməyin mümkün olmadığını ifadə edən Ərdoğan, “Bu səbəbdən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının tribunasından bütün dünyaya tarixi çağırışımı təkrarlayıram, adadakı həqiqətlər qarşısında gözlərinizi yummayın və Şimali Kipr Türk Cümhuriyyətini ən qısa zamanda tanıyın”, - deyib.

Anar ƏLİ,

“Xalq qəzeti”

Dünya