Günəşin ən kiçik görüntüsü
Çox tezliklə bir maraqlı astronomik hadisəni müşahidə edəcəyik. Yer planeti öz orbitinin Günəşdən ən uzaq məsafədə olan nöqtəsindən keçəcək.
Moskva Planetarisinin mətbuat xidməti xəbər verir ki, bizim planet iyulun 6-da gecəyarı afeliona ( Günəşdən uzaq mevqeyə) çatacaq. Həmin anda Yer Günəşdən 152 094 000 kilometr məsafədə olacaq. Biz, həmçinin Günəşin 2023-cü ildə ən kiçik haləsini görə biləcəyik. Onun qövsü cəmi 31 dəqiqə 31 saniyə ölçüdə olacaq.
Qeyd edək ki, adi müşahidəçilər görməsə də, astronomlar və bu sahə ilə maraqlananlar bu nadir afelionu müşahidə edə biləcəklər.
Marsda “qoğal”
NASA-nın “Persevance” kosmik gəmisi Qırmızı planetdə ortasında dəliyi olan qoğalabənzər bir daşın şəklini çəkib. Yanında eyni tipli daha bir neçə xırda daş olsa da, “qoğal” ətraf aləmdə xüsusilə seçilir. Amerikanın yerdənkənar zəkaları araşdıran təşkilatı olan SETİ qeyri-kommersiya elmi-araşdırma İnstitutunun nümayəndələri hesab edirlər ki, həmin daş nə vaxtsa planetə düşmüş böyük meteoritin bir hissəsi ola bilər.
“Persevance” həmin potensial meteoriti 2021-ci ildə planetə endikdən bir neçə həftə sonra görüb. Doğrudur, bu, Marsda tapılan yeganə daş deyil, amma qəribə görkəmi ilə seçilir.
Ə.DOSTƏLİ, “Xalq qəzeti”