Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) mövcud olduğu 20 il ərzində təşkilatın himayəsi altında heç bir böyük iqtisadi layihənin həyata keçirilməsi mümkün olmayıb. Onun sözlərinə görə, bu, layihə fəaliyyətinin maliyyə təminatı mexanizmlərinin olmaması səbəbindən baş verib. Problemin həlli üçün cənab Tokayev ŞƏT çərçivəsində investisiya fondunun yaradılmasına çağırıb.
“Etiraf etmək lazımdır ki, 20 ildən artıqdır ŞƏT-in himayəsi altında heç bir böyük iqtisadi layihəni həyata keçirmək mümkün olmayıb. Buna səbəb layihə fəaliyyətinin maliyyə dəstəyi mexanizmlərinin olmamasıdır. Ona görə də Hökumət Başçıları Şurasına birgə investisiya fondunun yaradılması imkanlarını nəzərdən keçirməyi və bu mühüm layihə ilə bağlı təkliflər verməyi tapşırmağı təklif edirəm”, – Kasım-Jomart Tokayev ŞƏT dövlət başçılarının onlayn görüşündə deyib.
Cənab Tokayev əlavə edib ki, Astana Beynəlxalq Maliyyə Mərkəzi ŞƏT-in regional layihələrinə birbaşa və portfel investisiyalarının stimullaşdırılması üçün platformaya çevrilə bilər. O, həmçinin təşkilatın investisiya cəlbediciliyinin artırılması üçün ŞƏT ölkələrinin birgə səyləri ilə iqtisadi üstünlüklər bazasının yaradılmasını təklif edib.
"Xalq qəzeti"