Bu gün Qazaxıstan paytaxtında Astana formatında Suriya danışıqlarının növbəti raundu keçiriləcək. Sonuncu dəfə belə bir görüş Astanada 2022-ci ilin noyabrında baş tutmuşdu. Məlumatı “Xalq qəzeti” “İnterfaks.ru”ya istinadən yayıb.
Qazaxıstan XİN-dən bildirilib ki, danışıqlarda qarant –ölkələr – Rusiya, Türkiyə və İran, eləcə də Suriya hökuməti və müxalifətinin nümayəndə heyətləri iştirak edəcəklər. BMT, İordaniya, Livan və İrak görüşə müşahidəçi qismində qatılacaq.
Gündəliyə Suriya ətrafında regional vəziyyətin dəyişməsi, “yerdə” vəziyyət, Suriyada kompleks nizamlamanın şərtləri, terrorizmlə mübarizə məsələləri, etimad məsələsi, eləcə də girovların azad edilməsi və itkinlərin axtarışı, Suriyada humanitar vəziyyət, ölkənin postmünaqişə dövründə bərpası üçün beynəlxalq səylərin səfərbərliyi və qaçqınların vətənə qayıdışı üçün şərait yaradılması kimi məsələlər daxildir.
Bu gün əvvəlcə Rusiya, Türkiyə və İran XİN başçıları müavinlərinin Suriya-Türkiyə nizamlaması üzrə “yol xəritəsi” üzərində dördtərəfli, eyni zamanda, Astana prosesinin iştirakçıları arasında ikitərəfli, üçtərəfli məsləhətləşmələr olacaq.
P.ƏMİRCANOV,
"Xalq qəzeti”