SIPRI: 2022-ci ildə qlobal müdafiə xərcləri artıb

post-img

2022-ci ildə qlobal müdafiə xərcləri 3,7% artaraq 2,224 trilyon dollara çatıb. Bu, son səkkiz ilin ən yüksək göstəricisidir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatında bildirilir.

Eyni zamanda, institutun məlumatına görə, qlobal müdafiə xərcləri 2013-cü ildən 2022-ci ilə qədər olan dövrlə müqayisədə 19% artıb və 2015-ci ildən artmaqda davam edir.

SIPRI-nın məlumatına görə, ABŞ, Çin, Rusiya, Hindistan və Səudiyyə Ərəbistanı ən çox hərbi müdafiə xərclərinə malikdir. Onların payına dünya hərbi-sənaye kompleksi xərclərinin təxminən 63%-i düşür.

Hərbi xərclərin artmasının əsas səbəbi Ukraynadakı münaqişədir. Bundan əlavə, Avropa dövlətlərinin Kiyevə yardımı, eləcə də Rusiya Federasiyasının xərclərini artırması bir sıra ölkələri hərbi büdcələrinə yenidən baxmağa məcbur edir.

Belə ki, Rusiya Federasiyasının hərbi xərcləri 9,2% artaraq 86,4 milyard dollara, ABŞ-ın 0,7% artaraq 877 milyard dollara, Ukraynanın 640% artıb ki, bu da 1949-cu ildən bəri ölkədə ən yüksək artım tempi olub. Ukraynanın müdafiə büdcəsi 44 milyard dollar təşkil edib.

Avropanın hərbi xərcləri 13% artaraq 480 milyard dollara çatıb ki, bu da son 30 ilin ən yüksək artımıdır. Mərkəzi və Qərbi Avropa ölkələri keçən il hərbi ehtiyaclar üçün 345 milyard dollar ayırıblar ki, bu da on il əvvəlkindən 30% çoxdur. Avropa İttifaqı ölkələri arasında hərbi büdcə ən çox Finlandiyada (36%), Litvada (27%), İsveçdə (12%) və Polşada (11%) artıb. 

Çin 292 milyard dollarla ikinci ən böyük hərbi büdcəyə malikdir. Pekin son 28 ildə müdafiə xərclərini artırıb. “Çinin cari hərbi xərclərinin prioritetləri 2021-2025-ci illər üçün 14-cü Beşillik Planında müəyyən edilmiş qaydalara uyğundur. Bunlar 2022-ci ilin oktyabrında Çinin silah sənayesi bazasının gücləndirilməsinə və süni intellektin hərbi tətbiqi də daxil olmaqla ən son hərbi texnologiyaların təşviqinə yönəlmiş Kommunist Partiyasının 20-ci qurultayında təsdiqlənib”, - deyə hesabatda bildirilir.

Xərclərə görə dördüncü yerdə Hindistandır. Yeni Dehlinin hərbi büdcəsi illik müqayisədə 6% artaraq 81,4 milyard dollar təşkil edib. Səudiyyə Ərəbistanı müdafiə xərclərini 16% artıraraq 75 milyard dollara çatdırıb və bununla da beşinci yeri tutub. Bu göstəriciyə görə Ər-Riyad Böyük Britaniya, Almaniya və digər ölkələri üstələyib. Fransa səkkizinci yerdən beşinci yerə yüksəlib.

SIPRI-nın hərbi xərclər və silah istehsalı proqramının baş elmi işçisi Nan Tian qeyd edir: "Son illərdə qlobal hərbi xərclərin davamlı artması getdikcə təhlükəli bir dünyada yaşadığımıza işarədir"."Dövlətlər yaxın gələcəkdə təhlükəsizlik vəziyyətinin pisləşməsinə cavab olaraq hərbi güclərini artırırlar".

2022-ci ildə hərbi xərclər beş coğrafi bölgədən dördündə artıb. Ən güclü artım Avropada (+13%), ardınca Yaxın Şərqdə (+3,2%), Asiya və Okeaniyada (+2,7%) və Amerikada (+0,3%) müşahidə olunub.

S.ELAY,

"Xalq qəzeti"

Dünya