Qlobal istiləşmə ilə birlikdə dünyanın orta temperaturu hər il yüksəlməyə davam edir. Bu isə qütblərdə buzlaqların sürətlə əriməsinə səbəb olur. Alimlərin apardığı yeni bir araşdırma nəticəsində “Qiyamət buzlaqları” adlandırılan “Thwaites” buzlaqlarının daha sürətli əridiyi ortaya çıxıb. Xəbəri “cnn.com” saytı verib.
ABŞ və Britaniya alimlərindən ibarət komanda buzlaqlarda təxminən altı həftəlik araşdırma aparıb. Tədqiqat “Icefin” kimi tanınan sualtı robotun sensorları ilə həyata keçirilib. Məlum olub ki, buzlaqlarda hər il 30 metrədək yarıqlar əmələ gəlir və isti suyun yarıqlara doğru hərəkət etməsi nəticəsində buzlaqlar sürətlə əriyir.
Tədqiqatçılar qeyd edirlər ki, “Qiyamət buzlaqları”nın müntəzəm əriməsi nəticəsində dəniz suyunun səviyyəsi illik təxminən 4 faiz artır. Bu buzlaqlar Qərbi Antarktidada təbii bənd rolunu oynayır və onlar çökərsə, okeanların səviyyəsi yaxın illər ərzində təxminən 3,5 metr yüksələcək. Bu isə gələcəkdə böyük fəlakətlərlə yol aça bilər.
Qeyd edək ki, 1980-ci ildən bəri “Thwaites” buzlaqları ən azı 600 milyard ton buz itirmişdir.
Əfsanə ƏHƏDLİ,
“Xalq qəzeti”