Avropa Parlamenti Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin birinci ildönümü ilə bağlı Kremlin hərəkətlərini pisləyən və Ukraynaya bütün lazımi yardımların göstərilməsinə, o cümlədən Qərb qırıcılarının ötürülməsi imkanlarına baxılmasına çağıran qətnaməni təsdiqləyib.
“European Pravda”nın məlumatına görə, sənəd fevralın 16-da keçirilən iclasda qəbul edilib.
444 deputat lehinə, 26 nəfər əleyhinə səs verib , 37 nəfər bitərəf qalıb. Qətnamənin bütün dəyişikliklərlə yekun mətni hələ dərc edilməyib.
Avropa Parlamentinin mətbuat xidmətinin təqdim etdiyi tərcüməyə əsasən, Avropa Parlamentinin deputatları Rusiyanın Ukraynaya qarşı hərəkətlərini pisləyir, ukraynalıları tam dəstəklədiklərini bildirir və lazım olduğu qədər Ukraynaya, xüsusən də silahla kömək etməyə hazır olduqlarını təsdiqləyirlər.
Onlar Aİ hökumətlərini Ukraynanı döyüş təyyarələri, vertolyotlar, lazımi raket sistemləri ilə təmin etmək barədə ciddi düşünməyə və Ukraynanın nəinki özünü müdafiə edə bilməsi, hətta beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bütün ərazilərə tam nəzarəti bərpa edə bilməsi üçün sursat təchizatını əhəmiyyətli dərəcədə artırmağa çağırır.
Qətnamə Aİ ölkələrini Rusiyaya qarşı hazırda hazırlanmaqda olan 10-cu sanksiyalar paketi ilə bağlı razılığa gəlməyə və onu əhəmiyyətli dərəcədə genişləndirməyə, eləcə də artıq tətbiq edilmiş sanksiyaların daha effektivliyinin və boşluqların qarşısının alınmasının qayğısına qalmağa çağırır.
Avropa Parlamentinin deputatları bu vəsaitləri Ukraynanın bərpasına və müharibə qurbanlarına kompensasiyaların ödənilməsinə yönəltmək üçün Aİ-də dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi üçün hüquqi mexanizmin işlənib hazırlanmasına çağırır. Qeyd olunur ki, Rusiya ilə müharibə başa çatdıqdan sonra əhəmiyyətli təzminat toplayıb Ukraynanın bərpasına göndərmək lazımdır.