Türkiyədə zəlzələ nəticəsində 21 min 43 nəfər həlak olub, 80 mindən çox insan xilas edilib, 102 min 388 nəfər digər vilayətlərə təxliyə olunub.
AZƏRTAC xəbər verir ki, bu rəqəmləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə səfəri zamanı Diyarbakırda açıqlayıb. Dövlət başçısı zəlzələnin fəsadlarının aradan qaldırılması, zərər çəkənlərə yardım göstərilməsi istiqamətində görülən və görüləcək tədbirlər barədə məlumat verib.
AFAD-ın açıqladığı son məlumata görə, təbii fəlakət bölgəsində 32 min 71 yerli və 8 min 294 xarici xilasedici, ümumilikdə 166 mindən çox personal fəaliyyət göstərir. Zəlzələdən zərərə çəkənlər üçün 102 min 274 çadır qurulub.
Zəlzələnin altıncı günündə də axtarış-xilasetmə əməliyyatları davam edir.