Türkiyədə dağıntılar altından çıxarılan 20 min nəfər başqa bölgələrə təxliyyə edilib

post-img

Türkiyədə zəlzələ bölgəsində dağıntı altından çıxarılan 20 min nəfər başqa bölgələrə təxliyyə edilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

O qeyd edib ki, dağıntı altından xilas edilən 20 min şəxs təcili müdaxilədən sonra hava, quru təcili yardım maşınları və dəniz nəqliyyatı vasitəsilə digər bölgələrə təxliyyə edilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

 
Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 8-də isə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə göndərilib. Bunlardan əlavə mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət, insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb. Daha sonra yardım məqsədilə 13 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi də Türkiyə yola salınıb.

Eyni zamanda Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib.

Bakıda, Gəncədə, Naxçıvanda Türkiyəyə yardım məqsədilə toplama məntəqələri yaradılıb. Azərbaycan vətəndaşları könüllü şəkildə bu yardım məntəqələrinə gələrək yardımlarını edirlər.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar da "Qardaş Köməyi" platforması vasitəsilə öz yardımlarını Türkiyəyə çatdırırlar.

Dünya