Nüvə müharibəsi mövzusu 78 il sonra Xirosimada: taleyin istehzası, yoxsa...

post-img

Dünyanın ən inkişaf etmiş yeddi dövlətindən ibarət “Böyük yeddilər” klubunun mayın 19-da başlanan sammiti bu gün başa çatır. ABŞ başda olmaqla, klubun üzvləri planetin üzləşdiyi çağırışları müzakirə edərək çıxış yolları axtarırlar. Onlar dünyanın “yükü”nü öz çiyinlərinə götürməyə iddialıdırlar. Amma buna gücləri çatacaqmı? Çətin! Lakin hər şeyin düzünü zaman bilir. 

Son dərəcə gözəl bir məkanda yerləşən Xirosima şəhərinə düz 78 il əvvəl, eləcə də digər yapon şəhə­ri Naqasakiyə ABŞ Silahlı Qüvvələri tərəfindən atom bombası atılıb. Bu əmri ABŞ Prezidenti Harri Trumen verib. O zaman bu iki şəhərdə iki yüz minə yaxın dinc sakin həlak olub. Bu gün də həmin dəhşətli anlar insanların yaddaşında görünməmiş fəlakət anı kimi sonsuz bir kədərlə xatırlanır.

Hazırkı ABŞ Prezidenti Co Bayden dünən Xirosimada “Sülh Memorialı”­nı ziyarət edib, o dönəmdə baş verən hadisəyə görə çox üzüldüyünü bildirsə də, üzr istəməyib. Əlbəttə, yaponlar bundan narazı qalıblar. Taleyin işinə bax ki, “Böyük yeddilər”in bugünlərdə Xirosimada keçirilən sammitinin gün­dəmində duran ən aktual məsələlərə­dən biri məhz dünyada nüvə silahın­dan istifadənin qarşısının alınmasıdır. 

Sammitdə qeyd olunub ki, bu gün dünyada nüvə silahından istifadə təh­lükəsi xeyli artıb ki, azalmayıb. Belə ki, 2022-ci il fevralın 24-də Ukrayna ərazi­sinə hücum edən Rusiya cəbhədə kəs­kin müqavimətlə rastlaşdıqdan sonra qarşı tərəfi, o cümlədən rəsmi Kiyevi dəstəkləyən beynəlxalq koalisiyanı taktiki nüvə silahı ilə hədələyir. Uzun illərdir ki, Şimali Koreya diktatoru Kim Çen In planeti atom bombası ilə şantaj edir. Hələlik dünya nüvə təhdidlərinə qarşı çıxış yolu tapa bilmir. 

Yeri gəlmişkən, əslən Xirosima şəhərindən olan Yaponiyanın hazırkı Baş naziri Fumio Kişida jurnalistlərə bildirib ki, dünya liderləri ötən sam­mitdə olduğu kimi, bu dəfə də ən çox Rusiya–Ukrayna müharibəsinin həlli yollarını araşdırıblar. Onun sözlərinə görə, Rusiyanın təcavüzünə məruz qalan Ukrayna öz ərazi bütövlüyü­nü təmin edənə qədər bu ölkəyə hər cür hərbi, iqtisadi və maliyyə dəstəyi göstəriləcək. 

Yeri gəlmişkən, dünən Ukrayna Prezidenti Volodimir Zelenski G7 sam­mitində iştirak etmək üçün Yaponiyaya gəlib. O, Fransa hökumətinin təyyarəsi ilə Xirosima hava limanına enib. Onun gəlib-gəlməyəcəyi barədə çox sayda ehtimallar səslənirdi. Lakin fakt budur ki, V.Zelenski artıq Yaponiyadadır və ali qonaq kimi tədbirə qatılıb. 

Qeyd edək ki, Xirosimada ABŞ və Ukrayna lideri köhnə dostlar kimi çox səmimi görüşüblər. Prezident Co Bay­den görüşdən sonra Ukraynaya əlavə maliyyə və hərbi yardım göstəriləcəyini bildirib. Zelenskinin “Böyük yeddilər”in digər liderlərindən də Ukraynaya hər­bi dəstəyin artırmasını xahiş edəcəyi gözlənilir. 

Xirosimada gedən müzakirələri dünyanın ikinci böyük dövləti olan Çin rəhbərliyi böyük diqqətlə izləyir. ABŞ və onun müttəfiqləri rəsmi Pekini Sa­kit okean regionunda gərginliyi artır­maqda günahlandırırlar. Çin rəhbərliyi bunu təkzib edir və “Böyük yeddilər”in liderlərini özlərini ağa kimi aparmaqda suçlayır. 

Qərb mətbuatı isə yazır ki, Prezi­dent Co Baydenin qarşısında duran əsas vəzifə Xirosimada Çinə qarşı dünya güclərini öz ətrafında birləşdir­məkdir. Vaşinqtonda hesab edirlər ki, cəmi bir neçə ildən sonra Çini “ram etmək” çətin olacaq. Buna görə də Bir­ləşmiş Ştatlar Rusiyanı diz çökdürüb bütün gücünü ən böyük rəqibi hesab etdiyi “Sarı əjdaha”ya qarşı yönəltmək niyyətindədir. 

Təbii ki, rəsmi Pekin özünə dost və tərəfdaşlar axramaqla məşğuldur. İki gün əvvəl Çinin qədim Sian şəhərin­də keçirilən Çin–Orta Asiya liderlərinin sammiti də Pekinin bu planlarından xə­bər verir. Pekin Rusiya və Braziliyanı, eləcə də Qərbdən incik düşən bir çox ölkələri öz nüfuz dairəsinə cəlb etməyə çalışır. 

Görünən budur ki, yeni dünya düzəni formalaşır. Faktiki olaraq dün­yada siyasi qütbləşmə getdikcə güc­lənir. Yaxın aylar və illər ərzində lokal müharibə ocaqlarının daha da artaca­ğı, böyük güclərin vəkalət savaşlarına cəlb olunacağı gözlənilir. 

Şübhəsiz, dünyada ağır müharibə və toqquşmaların baş verməməsi üçün ABŞ və Çin liderlərinin ümumi dil tap­ması çox vacibdir. Bu, yaxın gələcəkdə baş verəcəkmi? ABŞ Prezidenti yaxın vaxtlarda Çin rəhbəri Si Cinpin ilə gö­rüşəcəyini istisna etməyib. Bu görüşün real nəticələrindən çox şey asılı ola­caq. 

Mübariz Məmmədli, 
filologiya üzrə fəlsəfə doktoru, siyasi icmalçı

Hazırda dünyanın ən inkişaf et­miş sənaye ölkələri sayılan ABŞ, Kanada, Yaponiya, İngiltərə, Alma­niya, Fransa və İtaliya özlərinin “G-7” sammitini keçirmək üçün İkinci Dünya müharibəsində ABŞ-ın atom bombası atdığı Xirosima şəhərində bir araya gəlmişlər. Bu, “G-7”lərin son yeddi ildə Yaponiyada keçirilən ilk zirvə toplantısıdır. 

Maraqlıdır ki, say baxımından da, bu toplantı Yaponiyada 7-ci dəfə ke­çirilir. Tədbirə Avropa İttifaqının rəh­bərlərindən başqa, Avstraliya, Bra­ziliya, İndoneziya, Cənubi Koreya, Vyetnam, Kuk adaları və Komor ada­ları İttifaqının liderləri dəvət olunub­lar. Bir sıra beynəlxalq təşkilatların –BMT, Dünya Bankı, ÜST, Beynəlxalq Enerji Agentliyi, BVF və Ümumdünya Ticarət Təşkilatının nümayəndələri də toplantıda iştirak edirlər. 

Verilən xəbərlərə görə, iclaslarda Ukrayna müharibəsi, nüvə silahla­rından imtina, ərzaq böhranı, ekoloji cəhətdən təmiz, dayanıqlı enerjiyə keçid, Çinin dünyanın siyasi və iqti­sadi mövqeyinə aid məsələlər müza­kirə obyektidir.

Qeyd etmək lazımdır ki, Rusiya– Ukrayna müharibəsi zəminində Uk­raynaya “F-16” qırıcı təyyarələrinin verilməsi gündəmdədir. Ümumiyyət­lə, Ukrayna məsələsi, keçən il ol­duğu kimi, builki sammitdə də əsas məsələ kimi müzakirə olunur. 

Toplantının ilk iş günü haqqın­da əldə olunan məlumatlardan belə qənaətə gəlmək olar ki, “F-16”ların üçüncü ölkə vasitəsilə Ukraynaya verilməsinə ABŞ etiraz etməyəcək. Ola bilsin ki, bu, ABŞ istehsalı olan uzaq məsafəli qırıcı təyyarələrin döyüş bölgəsində istifadə olunması haqqında qərarın ABŞ tərəfindən qə­bul edilmədiyini göstərən bir görün­tüdür. 

Çinlə bağlı müzakirələrin sammit­də yer alacağını bildirən məlumatla­rın ardınca bu ölkənin rəsmiləri “Bö­yük yeddilər”i özündən razılıq, digər ölkələri aşağılamaq kimi istəklərdə olduqlarını bildirən bəyanatlarla çıxış etdilər. Çin XİN sözçüsünün fikrincə, özlərini “böyük” hesab edənlər digər ölkələrdə qardaş qırğınlarına rəvac verən, ölkələrin suverenliyini və ərazi bütövlüyünün əleyhinə yönəlmiş ad­dımlara yol verməməlidirlər. 

Sammitlə bağlı dünya informa­siya məkanında ən çox hallanan məlumatlardan biri, bəlkə də birinci­si, ABŞ Prezidentinin Xirosimadakı “Sülh Memorialı”nı ziyarət edərkən 78 il bundan əvvəl baş vermiş ha­disəyə görə üzr istəməyəcəyini bil­dirməsi oldu.

 

M.ABDULLAYEV,
“Xalq qəzeti”



Siyasət