Türk İnvestisiya Fondu: Ümumtürk birliyinə önəmli töhfə

post-img

Son illər Türk dövlətləri arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, əməkdaşlığın yeni inkişaf mərhələsi üçün hüquqi baza yaradılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının martın 16-da Ankarada keçirilmiş fövqəladə zirvə görüşündə qəbul olunmuş qərarlar, imzalanmış sənədlər də bu baxımdan diqqət çəkir. 

Məlumat üçün bildiririk ki, Türk Dövlətləri Təşkilatı türk­dilli ölkələr arasında siyasət, iqtisadiyyat, elm, təhsil, nəq­liyyat və turizm sahələrində əməkdaşlığı genişləndirmək məqsədi ilə yaradılmış döv­lətlərarası blokdur. Qurumun üzvləri Azərbaycan, Qazaxıs­tan, Qırğızıstan, Türkiyə və Özbəkistandır. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilat­da müşahidəçi statusuna ma­likdir.

Fövqəladə zirvə görüşünün açılışında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan Anka­ra Sammitində türkdilli ölkələr arasında iqtisadi əlaqələrin in­kişafına mühüm töhfə verəcək qərarların qəbul olunacağını vurğulayaraq bu baxımdan Türk İnvestisiya Fondunun ya­radılmasına dair qərarı xüsusi qeyd edib. Dövlət başçısı bu Fondun üzv ölkələr arasında infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alterna­tiv enerji və digər sahələrdə əməkdaşlığın daha da inkişafı­na mühüm töhfələr verəcəyini bildirib. 

Xəzər hövzəsində Türk dünyası ölkələri ilə neft, təbii qaz və elektrik enerjisi sahələ­rində irimiqyaslı layihələrin bir­likdə uğurla həyata keçirildiyini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Ba­kı-Tbilisi-Ceyhan boru kəməri 16 ildir Azərbaycan, Türkmə­nistan və Qazaxıstan neftini dünya bazarlarına fasiləsiz çatdırır. Onurğa sütununu TA­NAP-ın təşkil etdiyi Cənub Qaz Dəhlizi sayəsində Türk dövlət­ləri Avropanın enerji təhlükə­sizliyinin təmin olunmasında mühüm rol oynayırlar”.

Avropanın enerji xəritəsi­nin zənginləşdirilməsinə xid­mət edən Cənub Qaz Dəhli­zinin əsas seqmenti sayılan Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi də məhz Türkiyədə həyata vəsiqə alıb. Xatırladaq ki, 2012-ci il iyun ayının 26-da İstanbul şəhərin­də “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Res­publikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” Saziş imzalanmış və sonradan hər iki ölkənin müvafiq qanunve­rici orqanları tərəfindən təsdiq edilmişdi. Məlum olduğu kimi, təbii qazın “Şahdəniz” və Azər­baycanın digər yataqlarından Avropa bazarlarına nəql edil­məsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyan TANAP boru kəməri 2018-ci ildə istismara verilib. Artıq 4 ilə yaxındır ki, bu kəmər “Şahdəniz” yatağından çıxarı­lan təbii qazı Türkiyə ərazisinə, oradan isə Cənub Qaz Dəhli­zinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəmərilə Avropa bazarlarına daşıyır. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Döv­lətləri Təşkilatının fövqəladə zirvə görüşündən sonra keçir­diyi mətbuat konfransı zama­nı bildirib ki, Türk İnvestisiya Fondunun təsis müqaviləsinin imzalanması sammitin konk­ret addımları sırasında xüsusi yer tuturdu. Fondun Türk dün­yasında iqtisadi inteqrasiyanı sürətləndirəcəyini vurğulayan dövlət başçısının dediyinə görə, bərabər sərmayə töhfəsi və Türk dünyasında bərabər səs hüququ əsasında qurula­caq fonda İstanbul evsahibliyi edəcək. 

Ekspertlərin fikrincə, Fond gələcəkdə Türk dövlətlərinin inteqrasiyasının sürətləndi­rilməsinə və birgə layihələrin maliyyələşdirilməsinə mühüm töhfələr verəcək. Fondun ya­radılması Türk Dövlətləri Təş­kilatının dövlət başçılarının Ankarada keçirilmiş zirvə gö­rüşündə qəbul olunmuş Bə­yannamədə də öz əksini tapıb. Belə ki, dövlət başçıları Türk dünyasının ticarət, nəqliyyat, investisiya, turizm, regional əlaqə və strateji insan resurs­larının idarə edilməsi sahələ­rində əməkdaşlığın və koor­dinasiyanın dərinləşdirilməsi və gücləndirilməsində təşkila­tın daim artan mərkəz rolunu vurğulayaraq Türk Dövlətləri Təşkilatının üzv dövlətləri ara­sında ticarət və iqtisadi əmək­daşlığı gücləndirmək üçün onların iqtisadi potensialını səfərbər etmək məqsədi daşı­yan Türk İnvestisiya Fondunun yaradılması haqqında Sazişin imzalanmasını alqışlayıblar.

Türk İnvestisiya Fondunun Qarabağda işləyən sahibkarla­ra maliyyə dəstəyi göstərəcəyi də əsas hədəflər sırasındadır. Prezident İlham Əliyev sam­mitdə işğaldan azad olun­muş ərazilərimizin bərpası istiqamətində həyata keçirilən tədbirlərdən, bu prosesdə dost, qardaş ölkələrin fəal işti­rakından məmnunluğunu ifadə edərək deyib: “Keçmiş məcbu­ri köçkünlərin öz doğma yurd­larına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq. Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrast­ruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kon-traktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur... Fürsət­dən istifadə edərək, işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikilən məktəbə və Qazaxıstan tərə­findən inşa olunan yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Ka­sım-Jomart Tokayevə minnət­darlığımı bildirirəm”.

Yeri gəlmişkən, Türk İn­vestisiya Fondunun ilkin kapi­talının 450 milyon dollar təşkil edəcəyi gözlənilir. Bir il ərzində isə bu rəqəmin bir milyard dol­lara çatdırılması planlaşdırılır. Fondun büdcəsi dövlət vəsa­itləri və maliyyə təşkilatlarının vəsaitləri hesabına formlaşa­caq.

 

Eldəniz ƏMİROV,

iqtisadçı-ekspert

Türk İnvestisiya Fon­dunun yaradılması ideyası 2015-ci ildə irəli sürülüb. Ötən müddətdə Türk Döv­lətləri Təşkilatının toplantı­larında bu məsələ dəfələrlə müzakirə olunub. 2021-ci ildən isə proses fəal müza­kirələr mərhələsinə qədəm qoyub. Belə ki, həmin ilin sentyabr ayında Bakıda ke­çirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyat nazirlə­rinin 10-cu görüşü çərçivə­sində Türk İnvestisiya Fon­dunun yaradılması ilə bağlı qərar verilib. Belə bir qərarın qəbul edilməsində məqsəd üzv ölkələrdə infrastrukturun inkişaf etdirilməsi, biznesin maliyyələşdirilməsi və inves­tisiya layihələrindəki maliyyə çatışmazlığı ilə bağlı ma­neələrin aradan qaldırılma­sı naminə əlavə resursların səfərbər edilməsindən ibarət olub. 

Nəhayət, Türk Dövlətlə­ri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçi­rilən 9-cu sammitində Türk İnvestisiya Fondunun ya­radılması haqqında qərara imza atılıb. Türk dövlətləri tərəfindən yaradılan ilk və əsas ortaq maliyyə qurumu olan bu fond təşkilata üzv olan Türk dövlətlərinin iqtisa­di potensialını onlar arasında ticari-iqtisadi əməkdaşlığı gücləndirmək və birgə la­yihələr həyata keçirmək üçün səfərbər etmək məqsədi da­şıyır. Fond, əsasən, kiçik və orta biznesi özünün vəsaitləri və digər səlahiyyətli maliyyə institutları vasitəsilə maliy­yələşdirməklə dəstəkləyə­cək. Burada söhbət, əsasən, kənd təsərrüfatı, logistika və nəqliyyat, enerji səmərəliliyi, bərpa olunan və alternativ enerji, informasiya və kom­munikasiya texnologiyaları istehsalında sənaye layihələ­ri, turizm, infrastruktur la­yihələri, dövlət-özəl tərəfdaş­lıq layihələri, insan inkişafı və yaradıcı sənayelərə aiddir. 

Türk dövlətləri tərəfindən yaradılan ilk və əsas ortaq maliyyə qurumu olan bu fond təşkilata üzv olan Türk döv­lətlərinin iqtisadi potensialını onlar arasında ticari-iqtisadi əməkdaşlığı gücləndirmək və birgə layihələr həyata ke­çirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Fond kiçik və orta biznesin maliy­yələşdirilməsi, iri infrastruktur obyektlərinin tikintisi və üzv ölkələrin sahibkarları arasın­da təmasların qurulmasına mühüm töhfələr verəcək. Bütövlükdə isə, fond üzv ölkələrdə infrastrukturun in­kişafı, biznesin maliyyələşdi­rilməsi və müəyyən ölkələrin həyata keçirdikləri investi­siya layihələrində maliyyə çatışmazlığını aradan qaldır­maq üçün əlavə resursların səfərbər edilməsinə kömək edəcək.

 

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”

xx.jpg

İqtisadiyyat