TikTok Azərbaycanda kitabsevərləri birləşdirir

post-img

Qısa videolar izləmək və yaratmaq üçün öncül platforma olan TikTok 25 May – Bakıda Milli Kitab Sərgisi ərəfəsində mütaliə və ədəbiyyata həsr olunmuş #kitabfest təşəbbüsünü təqdim edir. Bu, platformanın Azərbaycanda ilk layihəsidir.

#kitabfest Azərbaycandakı istifadəçiləri daha çox mütaliəyə, kitab tövsiyələrini bölüşməyə, kitablar kəşf etməyə və TikTok-dakı nəhəng kitabsevərlər cəmiyyətinin bir hissəsi olmağa ruhlandırmaq məqsədi daşıyır. Bu təşəbbüs #BookTok qlobal fenomeninin uğurundan ilhamlanaraq yaranıb.

#BookTok dünyanın hər yerindən kitabsevərləri birləşdirən əsl mədəni fenomenə çevrilib: bu həştəq ilə paylaşılan videolar TikTok-da 140 milyarddan çox baxış toplayıb. Videolarda müxtəlif ölkələrdən olan istifadəçilər oxuduqları kitablarla bağlı tövsiyə və təəssüratlarını paylaşırlar. 

#BookTok artıq kitab sənayesində öz təsirini göstərməkdədir: o, yazıçıların məşhurlaşmasına və kitabların bestsellerlər siyahısına düşməsinə şərait yaradır. Artıq insanlar kitab seçərkən TikTok rəylərinə istinad edirlər. Belə ki, #kitab həştəqi ilə paylaşılan videolar artıq 300 milyondan çox baxış əldə edib.

Azərbaycanda kitab mütaliəsi trendini dəstəkləmək məqsədilə TikTok “Əli və Nino” mağazalar şəbəkəsi və “Qanun” Nəşriyyat Evi ilə birgə bu platformada #kitabfest adlı yeni kampaniyaya start verib. Təşəbbüs çərçivəsində ölkənin hər yerindən istifadəçilər #kitabfest həştəqi ilə ədəbiyyat və mütaliə mövzusunda videolar çəkməyə dəvət olunur. Videolar kitab xülasələri, qutuların açılması (unpacking), sevimli əsərlərdən hissələr, mütaliə və ədəbiyyatla bağlı şəxsi hekayələr və Bakıda təşkil olunan Milli Kitab Sərgisindən reportajlar mövzularını əhatə edə bilər.

Beş ən yaradıcı videonun sahibi dəyərli mükafat - “Əli və Nino” mağazalar şəbəkəsindən 100 AZN dəyərində hədiyyə kartı qazanacaq.

 

Qeyd edək ki, TikTok - qısa videoların hazırlanması üçün aparıcı tətbiqdir. Missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.

Anar ƏLİ,

“Xalq qəzeti”

Elm