Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişafı üçün yeni metodik vəsaitlər istifadəyə verilib

post-img

Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) müəllimlər üçün oxu tədrisini dəstəkləyən, müasir pedaqoji yanaşmalara əsaslanan bir sıra metodik vəsaitlər hazırlayıb.

Təhsil İnstitutundan XQ-yə bildirilib ki, həmin metodik vəsaitlərdən ikisi artıq institut tərəfindən Azərbaycan dilinə tərcümə edilərək yerli kontekstə uyğunlaşdırılıb. Bu vəsaitlər şagirdlərə oxuyub-anlama bacarığının mərhələli formalaşdırılması, ənənəvi və rəqəmsal mətnlərlə iş bacarıqlarının inkişafı, dərsdaxili oxu fəaliyyətlərinin daha məqsədli və səmərəli qurulması istiqamətləri üzrə praktik dəstək verməyi hədəfləyir.

Uyğunlaşdırılmış bu iki metodik vəsaitlə bağlı ətraflı məlumatı təqdim edirik:

Şagirdlərdə oxuyub-anlama bacarıqlarının formalaşdırılması: Müəllimlər şagirdlərin oxuyub-anlama bacarıqlarını formalaşdırarkən müxtəlif prinsiplərdən, strategiyalardan, sinif tapşırıqlarından və köməkçi vasitələrdən istifadə edirlər. Bu metodik vəsait müəllimlər üçün bu istiqamətdə faydalı olacaq. Belə ki, bu metodik vəsait oxuyub-anlama bacarığını tədris etmək üçün 5 əsas prinsipdən, 7 əsas oxu strategiyasından, PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatında istifadə olunmuş bir mətn əsasında hazırlanmış sinif tapşırığından və müəllimlərə kömək etmək üçün tövsiyələrdən bəhs edir.

Şagirdlərdə rəqəmsal mətnləri oxuyub-anlama bacarığının formalaşdırılması: Kitab oxumaqla yanaşı, şagirdlər rəqəmsal texnologiyalar və internet vasitəsilə təqdim olunan müxtəlif növ rəqəmsal mətnlərdən də məlumat əldə edirlər. Rəqəmsal mətnləri oxuyub-anlamaq vacib bir bacarıqdır. Bu metodik vəsait PIRLS 2021 (Oxu Savadlılığının İnkişafı üzrə Beynəlxalq Qiymətləndirmə Tədqiqatı) məlumatlarından istifadə edir və rəqəmsal mətnləri oxuyub-anlama bacarığının formalaşdırılması üçün əsas prinsipləri real sinif nümunələri vasitəsilə izah edir.

Qeyd edək ki, yaxın günlərdə bu metodik vəsaitlərə dair müxtəlif istiqamətləri əhatə edən izahedici paylaşımlar ictimaiyyətə təqdim olunacaq.

Təhsil