Bakıda Azərbaycan Universitetinin təşkilatçılığı və ev sahibliyində 2-ci “Sosial iş və sosial tədqiqat” (Social Work & Social Research) beynəlxalq konfransı işə başlayıb. Sosial Tədqiqatlar Mərkəzi, Türkiyənin Fırat Universiteti və Rəcəb Tayyip Ərdoğan Universitetinin tərəfdaşlığı ilə “Konstitusiya və Suverenlik ili”nə həsr olunan konfrans sosial iş təhsili və sosial siyasət sahəsindəki aktual məsələlərin müzakirəsini, əhalinin müxtəlif kateqoriyalarının sosial və psixoloji səviyyəsinin yüksəldilməsinə yönəlmiş müasir texnologiyaların hazırlanması və tətbiqi sahəsində təcrübə mübadiləsinin aparılmasını hədəfləyir.
Beynəlxalq mərasimdən əvvəl konfrans iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Konfransın açılışında Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Beynəlxalq mərasimi giriş sözü ilə açan Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva ümummilli lider Heydər Əliyevin müəllifi olduğu sosial inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti ilə bu sahəyə mühüm töhfələr verdiyini diqqətə çatdırıb. Rektor bildirib ki, Azərbaycan Universitetində 2009-cu ildən başlayaraq sosial iş sahəsində mütəxəssis hazırlığı həyata keçirilir. Universitet kadr hazırlığı ilə kifayətlənmir, həm də bu sahənin müxtəlif problem və məsələləri elmi cəhətdən araşdırılır. 2023-cü ildə “Sosial iş və sosial tədqiqat” beynəlxalq konfransının birincisi keçirilib və konfransda qəbul edilən qərarların icrası təmin edilib.
Rektor qeyd edib ki, mövzusu olduqca spesifik olan konfransa maraq böyük olub. Məruzəçi kimi iştirak etmək üçün 20-dən çox ölkədən müraciət daxil olub və 100-ə yaxın məruzə qəbul edilib. Səadət Əliyeva çıxışında konfransın işinin səmərəli və məhsuldar olacağına, 2 gün davam edəcək müzakirələrin elm və təhsil sahəsinin inkişafına əhəmiyyətli töhfə verəcəyinə əminliyini də ifadə edib.
Daha sonra Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Elm və Təhsil Nazirliyinin Elm, Ali Təhsil Siyasəti şöbəsinin müdiri Turxan Süleyman, Keyfiyyət Təminatı Agentliyinin sədri Tural Əhmədov, Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Vüqar Ağayev, Rumıniyanın Alexandru Yoan Kuza Universitetinin professoru Stefan Cojocaru (Kojukaru) çıxış edərək konfransın mövzusunun təsadüfi seçilmədiyini qeyd edib, müzakirə olunacaq mövzuların aktuallığını və əhəmiyyətini vurğulayıblar.
Sonra konfrans işini Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımovun rəhbərliyi ilə plenar iclasda davam etdirib, Birləşmiş Krallığın Nottingham Universitetinin professoru Yasuhiro Kotera və Rumıniyanın Alexandru Yoan Kuza Universitetinin professoru Stefan Cojocarunun məruzələri dinlənilib.
Beynəlxalq konfrans işini 2 gün davam etdirəcək. Bazar günü isə mərasimin xarici iştirakçılarının Bakı şəhərinin tarixi yerlərinə və Qobustana ekskursiyası təşkil olunacaq.
XQ