Təhsillə bağlı keçirilən konfransda Azərbaycan alimi də iştirak edib

post-img

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində “Müasir təhsil və mənəvi-əxlaqi tərbiyənin aktual problemləri: beynəlxalq təcrübə və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransı keçirilib.

Universitetin Beynəlxalq Əlaqələr üzrə prorektoru, professor Firuzə İkramxanova qonaqları və iştirakçıları salamlayaraq konfransın işinə uğurlar arzulayıb.

Konfransda Azərbaycan, Fransa, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan alimləri, bir sıra ali təhsil müəssisəsinin professor-müəllim heyəti, tədqiqatçılar, aspirantlar “Şərq və Qərb mütəfəkkirlərinin təlim və tərbiyə haqqında pedaqoji fikirləri”, “Təhsil prosesi zamanı şagird və tələbələrdə mənəvi-əxlaqi keyfiyyətlərin formalaşması”, “Beynəlxalq təhsil sistemi və mənəvi-əxlaqi tərbiyə təcrübələri”, “Şagird və tələbələrin mənəvi-əxlaqi keyfiyyətlərinin formalaşmasında ailə, cəmiyyət, təhsil müəssisələrinin rolu: problemlər və həlli yolları”, “Təhsil islahatları və mənəvi-əxlaqi tərbiyəyə innovativ yanaşma” mövzularında çıxış ediblər.

Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin “Azərbaycan dilinin tədrisi və təbliği” layihəsi çərçivasində Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Azərbaycan dilini tədris edən filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva “Təhsil sahəsində əməkdaşlıq və perspektivlər” mövzusunda çıxış edib. O, Azərbaycanda hər bir sahədə olduğu kimi, təhsil sektorunda da müşahidə olunan inkişaf tendensiyasından söhbət açaraq, Azərbaycan cəmiyyətində yeniyetmə və gənclərə hər zaman dövlət qayğısının olmasından, onların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında layiqli şəxsiyyət kimi yetişməsində təhsil müəssisələrinin rolundan danışıb. 

Azərbaycan – Özbəkistan dövlətlərarası münasibətlərin genişlənməsi fonunda təhsil və mədəniyyət sahəsindəki əlaqələrin də geniş vüsət aldığını diqqətə çatdıran M.Xudiyeva çalışdığı ali təhsil müəssisəsinin Azərbaycandakı ali təhsil ocaqları ilə əməkdaşlıqda maraqlı olduğunu da bildirib. Deyilib ki, bu əməkdaşlıq hər iki ölkənin ali təhsil sisteminin inkişafına mühüm töhfə verməklə yanaşı, elm və təhsil sahəsində daha böyük uğurlar qazanılmasına şərait yaradacaq.

Sonda konfrans iştirakçıları təhsil müəssisələrindəki təlim-tərbiyə üsulları, təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi, düzgün  pedaqoji təcrübələr barədə fikir mübadiləsi aparıblar. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd

 



Təhsil