Təhsil işçilərinin sentyabr konfransları

post-img

Ölkənin təhsil sistemində yeni dərs ilinə son hazırlıq tədbirləri davam edir. Şəhər və rayonlarda keçirilən ənənəvi sentyabr müşavirələrində pedaqoji kollektivlər ötən tədris ilinin uğurlarına yekun vurur, yeni mövsümdə qarşıda duran vəzifələri müzakirə edirlər. Dünən Gəncə-Daşkəsən, Şəki-Zaqatala və Mərkəzi Aran regional təhsil idarələrində keçirilən toplantılarda da hesabatlar dinlənilib, növbəti hədəflər açıqlanıb. 

Gəncə konfransında çıxış edən Mək­təbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov ümu­mi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, təhsilin idarə edilməsində əlçatanlıq və şəffaflığın təmin olunması üçün qarşıda duran vəzifələri iştirakçıların diqqətinə çatdırıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin baş­çısı Niyazi Bayramov pedaqoji kollek­tivlərin təmsilçilərini qazanılmış ümumi uğurlara görə təbrik edib, yeni tədris ilin­də onlara uğurlar arzulayıb. Gəncə–Daş­kəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev 2023–2024-cü tədris ilində görülən işlərdən, region üzrə hə­yata keçirilən yeni təhsil layihələrindən danışıb. Təhsil İnstitutu Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva pedaqoji prosesin uğurlu təşkili ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib.

***

Şəki–Zaqatala Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransın­da çıxış edən Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdir müavini Nəriman Qəhrə­manlı ölkə məktəblərinin və uşaq tərbiyə ocaqlarının fəaliyyətinin təkmilləşdiril­məsi ilə bağlı görülən işlər barədə məlu­mat verib, növbəti tədris ilinin prioritet istiqamətlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb. 

Qax Rayon İcra Hakimiyyətinin baş­çısı Musa Şəkiliyev yeni tədris ilində pe­daqoji kollektivlərin başlıca hədəfinin təh­silin səviyyəsinin yüksəldilməsi olduğunu qeyd edib, onlara uğurlar arzulayıb. Sonra Şəki–Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova ötən dərs ilinin hesabatını təqdim edib. Təhsil İnstitutunun Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinin direktoru İbrahim Baxışlı ölkə üzrə imtahan, olimpiada və müsabiqələrin nəticələri, növbəti tədris ili üçün nəzərdə tutulan layihələr barədə məlumat verib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

***

Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin Mingəçevirdə keçi­rilən konfransında Təhsilin İnkişafı Fon­dunun İdarə Heyətinin sədri Elnur Nəsibov pedaqoji şəbəkədə aparılan islahat və nai­liyyətlərdən söz açıb, iştirakçılara uğurlar arzulayıb.

Mingəçevir Şəhər İcra Hakimiyyəti­nin başçısı İlham İsmayılov şəhərin təhsil ocaqlarının uğurlarından və hədəflərindən danışıb, qarşıdan gələn Bilik Günü mü­nasibətilə konfrans iştirakçılarını təbrik edib. Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev isə region məktəblərini uğur göstəriciləri barədə məlumat verib. 

Mərkəzi Aran Regional Təhsil İdarəsi­nin müdiri Elçin Kərimov hesabatla çıxış edib. Sonda konfrans iştirakçılarının fikir­ləri dinlənilib, sualları cavablandırılıb.

XQ

Təhsil