ADA Universitetinin Milan Politexnik Universiteti ilə birgə təklif etdiyi sertifikatlaşdırılmış praktiki təlim proqramının ikinci modulu Milanda davam edib. İyun ayında Şəki şəhərində bina sorğusunun aparılması ilə başlayan praktiki təlim proqramının Milan modulu 1-5 iyul tarixlərində keçirilib. Bu modulun əsas məqsədi tarixi və memarlıq binalarının yeni təyinat üzrə bərpası və urban kontekstdə canlandırılması ilə bağlı çoxsaylı nümunələr əsasında nəzəri və praktik bilik verməkdir.
Modulun ilk günündə Milan Politexnik Universitetinin beynəlmiləlləşmə üzrə prorektoru İlarya Valente proqramda iştirak edən 20-dək gənc memarı salamlayıb və Şəki kampusu ilə bağlı fikir mübadiləsi aparıb, tövsiyələrini bölüşüb.
Proqram iştirakçıları mühazirə və qrup işləri ilə yanaşı Milan, habelə, Breşia, Berqamo və Piaçenza şəhərlərinə səfər edib və tarixin müxtəlif dönəmlərində xəstəxana, kilsə, sallaqxana, kazarma və başqa məqsədlər ilə inşa edilmiş və fəaliyyət göstərmiş, hazırda isə təhsil ocağı olaraq bərpa edilmiş və fəaliyyət göstərən çoxsaylı nümunələrlə tanış olublar.
İştirakçılar həm də UNESCO maddi-mədəni irsi siyahısına daxil olan Cresdi d’ADDA şəhərçiyinə səfər edib, şəhərin kimliyinin qorunması ilə bağlı aparılan siyasət barədə məlumatlandırılıblar. Onlar Milan, Genuya, Turin kimi böyük sənaye və kiçik dağ şəhərlərinin urban çətinlikləri aradan qaldırmaq üçün verdiyi qərarlar və yeritdiyi sosial yönümlü siyasətlə tanış olublar. Təlim Milan Politexnik Universitetinin laboratoriyalarına səfər və qrup işi ilə yekunlaşıb.
Xatırladaq ki, proqramda özəl və dövlət sektorunda, eləcə də şirkət və müəssisələrdə çalışan təcrübəli memarlar və tədqiqatçılar iştirak edib.
Üç mərhələdən ibarət təlimin Bakıda keçiriləcək son mərhələsində iştirakçılar qruplara bölünərək Şəkidəki layihənin mövzusu ilə bağlı öz təkliflərini əsaslandırmaq üçün layihə yönümlü işlər görəcəklər. Həmin layihələr komandalar tərəfindən təhlil, sorğular, rəsmlər, eskizlər, 3D vizuallar və layihə konsepsiyasını təmsil edən ilkin modellərlə təqdim olunacaq. Sertifikat proqramının sonunda keçiriləcək konfransda bütün konsepsiya təklifləri ictimaiyyətə təqdim ediləcək və ən yaxşı layihələr seçiləcək.
Anar ƏLİ
XQ